ÜTT: Qlobal ticarət müharibəsi təxirə salınır

19-06-2022, 08:54           
ÜTT: Qlobal ticarət müharibəsi təxirə salınır
150-yə yaxın ölkə Ümumdünya Ticarət Təşkilatını (ÜTT) dirçəltməyə nail olub.

Onlar həmçinin Çin, Ukrayna, Rusiya və inkişafda olan digər ölkələrin Qərbdən geri qalmasını və yoxsulluğun azaldılmasına kömək edən beynəlxalq ticarət sisteminin çökməsinin qarşısını almağa müvəffəq olublar.

Beləliklə qlobal ticarət müharibəsi ilə bağlı təhlükə bir-iki il müddətinə olsa da, səngiyib.

28 trilyon dollar həcmində qlobal ticarətin 98 faizlik payına sahib olan 164 ÜTT üzvü bu həftə bir araya gələrək, balıqçılığa dövlət dəstəyini və Covid vaksinləri üçün patent mühafizəsini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Lakin onlar yarımçıq tədbirlərlə kifayətlənib. Belə ki, ÜTT islahatları və kənd təsərrüfatı subsidiyaları kimi əsas məsələlərdə heç bir irəliləyiş əldə olunmayıb.

Nazirlərin görüşü, 2017-ci ildə Buenos-Ayresdəki uğursuzluqdan sonra, az qala, növbəti uğursuzluğa düçar olub.

Lakin bir gün və iki gecə davam edən mübahisədən sonra ÜTT-nin rəhbəri Ngozi Okonjo-Iweala beynəlxalq əməkdaşlığın “misli görünməmiş” uğurunu elan edib. Onun pafosu qismən haqlıdır: qətnamə həm Ukrayna, həm də ona hücum edən Rusiya tərəfindən imzalanıb.

“Biz dünyaya sübut etdik ki, ÜTT üzvləri geosiyasi fərqlərə baxmayaraq, dünya ticarətinin problemlərini həll etmək və ÜTT-ni yenidən canlandırmaq naminə birləşməyə qadirdirlər”, - Ngozi Okonjo-Iweala bildirib.

Hərçənd ki, mütəxəssislər onun həvəsini bölüşmürlər. Çünki elan edilən razılaşmalar kiçikdir və ÜTT-nin ayaqda qalması ilə bağlı həyati məsələ hələ də olduğu yerdə qalıb.

"Dünya ticarətinin qaydaları ayaqda qaldı! Ancaq bu onu görə mümkün olub ki, onlar mənasını o qədər itirib ki, artıq niyə əhəmiyyətli olduğu aydın deyil", - Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin (ECİPE) Britaniya üzrə direktoru David Henig deyib.

"Nazirlərin görüşündə ÜTT-nin qəfil ölümünün qarşısını almaq üçün bu qədər səylərin sərf edilməsi heyrətamizdir. Yüksək tonlarda uzun sürən müzakirə və fəlakət gözləntiləri... Əlbəttə, yaxşı haldır ki, ÜTT-yə üzv olan ölkələr hələ də razılaşmağa çalışırlar. Lakin onların arasındakı dərin fikir ixtilafı bu səyləri heçə endirir”.

Henig məsələni şişirtmir, o, hətta problemin miqyasını aşağı salır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.