"Qazprom" şirkətinə ağır zərbə: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?

19-06-2022, 08:08           
"Qazprom" şirkətinə ağır zərbə: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?
Rusiyanın "Qazprom" şirkəti Fransaya qaz nəqlini dayandırığını açıqlayıb.

Ardınca isə Fransa bundan sonra Rusiyadan qaz almayacağını bəyan edib. Fransanın qaz ehtiyatlarının artdığını və fasiləyə baxmayaraq ölkədə enerji qıtlığının yaşanmayacağı bildirilib.

Görünən odur ki, Rusiya Avropadakı qaz bazarını yavaş-yavaş itirmək üzrədir. Belə olan halda isə Rusiyanın ən böyük gəlir mənbələrindən olan qaz bazarında tənəzzül yaşaya biləcəyi ehtimallarının olduğu iddia olunub.

Maraqlıdır, Rusiyanın həqiqətən Avropadakı qaz bazarını itirə biləcəyini demək olar? Belə olacağı təqdirdə, Azərbaycan Avropanı təbii qazla təmin edə bilərmi?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiyanın Avropaya verdiyi qazın həcmi Azərbaycanla müqayisə olunmaz dərəcədə çoxdur:

"Avropanın özünün də Rusiya qazından tam imtina etmək imkanları yoxdur. Hazırda Avropa ölkələrinin qaza olan illik tələbatı 510 milyard kubmetrdir. Bunun təqribən 180 milyard kubmetrinə yaxınını və az qala üçdə birini Rusiya verir. Yəni Avropada hər üç ev və ya müəssisənin birində rus qazından istifadə olunur. Ona görə də yaxın zamanda Avropanın rus qazından tamamilə imtina etməsi mümkün deyil, amma bacardıqca onun həcmini azaldacaqlar".

Ekspert qeyd edib ki, Avropa Rusiya qazından asılılığını azaltmaq üçün müxtəlif yollar axtarır:

"Bunlardan biri də Azərbaycanın əsas iştirakçısı və moderatoru olduğu “Cənub Qaz Dəhlizi” layihəsidir. Burada da həcmlə bağlı bəlli məhdudiyyətlər var. TANAP və TAP layihələri artıq çalışır. Keçən il Azərbaycan Avropa İttifaqı ölkələrinə, əsasən də İtaliyaya 9,8 milyard kubmetr həcmində qaz ixrac edib. Bu, cari ildə təqribən 11-12 milyard kubmetrə qədər artırıla bilər.

Amma bu, Avropanın tamamilə Rusiya qazından asılılığının azaldılmasında Azərbaycanın birinci və mühüm rol oynayacağı mənasına gəlmir".

Natiq Cəfərli Azərbaycan qazının önəmini xüsusi vurğulayıb:

"Azərbaycan qazı əsasən Cənubi və Şərqi Avropa ölkələrinə ixrac olunacaq. Onların da Rusiya qazından asılılığı çoxdur. Məsələn, Bolqarıstanda 90 faizə yaxın rus qazından asılılıq var.

Azərbaycan Bolqarıstana 1,5 milyard kubmetr həcmində qaz satsa, Bolqarıstanın Rusiya qazına olan kəskin asılılığı azalacaq. Avropa İttifaqının da əsas hədəfi odur ki, Cənubi və Şərqi Avropa ölkələrinin Rusiya qazına olan böyük asılılığını azaltsınlar. Bu mənada, Avropa üçün Azərbaycanın yeri kifayət qədər cəlbedici və maraqlıdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.