Ukraynaya “yaşıl işıq” - Aİ üzvlüyü nələri dəyişəcək?

21-06-2022, 09:35           
Ukraynaya “yaşıl işıq” -
Bu ölkə Vətən müharibəsi aparsa da, məmurları korrupsiyaya bulaşmış dövlətin Avropa İttifaqına üzvlük üçün namizədlik statusu alması ciddi islahatlar aparmağı diqtə edir

Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizədlik statusunun təsdiqlənməsi bu ölkənin hüquqi dövlət quruculuğunda inkişafına ciddi tramplin olacaq. Bunun ardınca Avropa Birliyinə üzvlüyü qəbul olunarsa, Ukrayna hakimiyyəti qarşısında islahatlar aparılması ilə bağlı mühüm öhdəliklər qoyulacaq. Nəzərə alaq ki, Vətən müharibəsi aparsa da, ölkənin korrupsiya, şəffaflıq sahəsində ciddi problemləri mövcuddur. Yəni Ukrayna hər zaman məmurların korrupsiyaya bulaşması problemi ilə üzbəüz qalıb. İstər Poroşenko, istər Zelenski iqtidarı dövründə ölkənin rüşvət və korrupsiya problemi köklü şəkildə həllini tapmayıb. Aİ-yə üzvlük isə islahatlar aparılmasını diqtə edir.

Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verildikdən sonra ölkə bir sıra antikorrupsiya islahatları aparmalı, məhkəmə və hüquq-mühafizə sistemlərində mühüm dəyişikliklər etməli, həmçinin bir sıra qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır.

Onun sözlərinə görə, Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, Ukrayna Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi proseduru, o cümlədən onların vicdanlılığının və peşəkar bacarıqlarının qiymətləndirilməsi əsasında seçilməsi haqqında qanunvericiliyin qəbulu həyata keçirilməlidir. Korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, xüsusilə NABU-nun (Ukrayna Milli Antikorrupsiya Bürosu) yeni direktorunun və SAP (Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq) rəhbərinin seçimi və təyinatının başa çatması əsas şərtdir.

Eyni zamanda çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin Financial Action Task Force (FATF) standartlarına uyğunluğunun təmin edilməsi vacibdir. Ukraynanın təhlükəsizlik mühitinin bir hissəsi kimi bütün hüquq-mühafizə sektorunda islahatların aparılması üçün hərtərəfli strateji planın qəbulu, “Anti-oliqarxiya” qanunun tətbiqi reallaşmalıdır. Hələ iki il qabaq Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Zelenskiyə “siyasi bataqlığı qurutmağa” və Ukraynanı inkişaf etməyə mane olan “oliqarxların maraqlarından təmizləməyə” yardım edəcəyini vəd etdiyini deyib. Məlumata görə, Ukraynada islahatların hədəflərinə Rinat Axmetov, Viktor Pinçuk, Dmitro Firtaş, Viktor Medvedçuk, İhor Kolomoyski kimi oliqarxrların gücünü məhdudlaşdırmaq daxildir. Aqrobiznes maqnatı Vadim Nesterenko, gəmiçilik maqnatı Andriy Stavnitser, milyarder deputat İhor Abramoviç, metal maqnatı Vadim Novinskiy daha az tanınan fiqurlardır.

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublunun “Yeni Müsavat”a bildirdiyinə görə, Avrointeqrasiya Ukraynanı inkişaf etdirəcək. Hüquq müdafiəçisi hesab edir ki, ölkənin hüquqi dövlət quruculuğu istiqamətində atmalı olduğu addımlar var: “İlk növbədə Avropa standartlarına uyğun bir idarəçilik və cəmiyyət qurmalıdır. Bu da şəffaflıqdan, ciddi antikorrupsiya layihələri həyata keçirməkdən başlayır. İndi ölkənin bir hissəsində müharibə gedir, ağır dövr yaşayır və belə şəraitdə islahatlar aparmaq çətindir. Amma Avropa Birliyinə üzvlük Ukraynanı məcbur edəcək ki, kadr və struktur islahatları aparsın, tam modern və şəffaf idarəetmə modeli qursun, korrupsioner məmurlarla bağlı konkret addımlar atılsın”.

QHT rəhbərinin fikrincə, Ukrayna hüquqi dövlət quruculuğu istiqamətində həm də ərazi bütövlüyü problemini həll etməlidir: “Bu səbəbdən ərazisi işğalda olan dövlətin Avropa İttifaqına üzvlüyü yubana bilər. Ola bilsin ki, Qərbdən dəstək baxımdan ərazi problemi olduğu halda belə üzv qəbul etsinlər. Amma Ukraynanın şimal və qərbində ən azı hüquqi islahatlar aparıla, hakimlər, məmurlar, polis sistemi ilə bağlı reformalar mümkündür. Hər bir halda Avropa İttifaqı Ukraynaya bir ”yaşıl işıq" yandırıb və hüquqi dövlət qurmaq indi Zelenski üçün ikinci mühüm daxili məsələdir. Müharibədən sonra islahatların sürətlənəcəyini güman edirəm. İndi həm dağılmış şəhərləri bərpa etmək, həm şəffaf idarəçilik qurmaq lazımdır. Və Zelenski hakimiyyəti deyilənləri bacarsa, inqilabi dəyişikliklər etmiş siyasi hakimiyyət kimi tarixə düşəcək".

X.Teyyublunun sözlərinə görə, Aİ-yə üzvlük həm də yeni iqtisadi perspektivlər vəd edir: “Ukrayna məhsulları Avropa bazarına çıxarkən Qərb standartlarına cavab verməlidir. Yəni bir sözlə, müharibədən sonra ölkənin dirçəlişi üçün yeni üfüqlər açılacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru