Rusiya “sülhməramlı”ları Xankəndini “yerinə qaytardı”?.. - Boş hay-küy bizə qaldı...

23-06-2022, 17:10           
Rusiya “sülhməramlı”ları Xankəndini “yerinə qaytardı”?.. -
Xəbər verildiyi kimi, naməlum səbəblərdən 21 iyun və 20 iyun tarixlərində Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən “sülhməramlı” kontingentinin nəzarət zonasını əks etdirən xəritəsində Xankəndi ("Stepanakert" adı ilə) göstərilməyib. Və bundan sonra Azərbaycanın bir sıra aparıcı saytlarını “Xankəndi sülhməramlılardan təhvil alınır? - Rusiya şəhəri xəritədən sildi” başlıqlı “sensasyon”, “şok” xəbərlər yayılıb.

Həmin materiallarda belə təəssürat yaradılır ki, guya Rusiya hərbi kontingenti Xankəndindən çıxmağa hazırlaşdığı üçün şəhərimizin adını xəritəyə salmayıb.

Və nəhayət, Rusiya MN saytında 22 iyun 2022-ci il tarixli eyni xəritədə “Stepanakert” adı bərpa olunub... Nətiəcədə bizlərin boş hay-küyü özümüzə qalıb...

Əvvəla, Rusiya “sülhməramlı”larının xəritəsindəki bu səhv, çox güman ki, texniki xəta səbəbindən baş tutub. Və yaxud, Rusiya MN, sadəcə, Azərbaycan informasiya məkanında belə manipulyasiyaların yayılması və Putin rejiminin artıq bir il 7 aydan çoxdur ki, torpaqlarımızda olan hərbi kontingentinin Ukraynadakı savaş səbəbindən asanlıqla suveren ərazilərimizi tərk edəcəyi haqda süni arxayınlıq yaratmağa yönəlib.

Üçüncüsü, düşünmək lazımdır ki, əgər Kremlin öz ordusunu Qarabağdan asanlıqla çıxarmaq fikri olsaydı, elə ilk günlərdən xəritələrində Xankəndi şəhərimizi “Stepanakert” yox, elə öz milli adıyla qeyd edərdi...

Dördüncüsü, 20 və 21 iyun tarixlərindəki bəhs edilən xəritələrdə Tərtər rayonunun Ağdərə şəhəri və Çiləbört, Seysulan, Lüləsaz və s. kəndləri istiqamətindəki, eləcə də Şuşa və Xocavənd rayonları, o cümlədən Şuşa və Laçın rayonları ərazisindəki strateji Sarıbaba dağı ətrafındakı patrul marşrutlarına diqqət etmək lazımdır. Əgər Xankəndindən - əsas dislokasiya bazalarından Rusiya hərbçiləri çıxıbsa, digər ərazilərdə necə fəallıq edə bilərlər?

Dünənki – 22 iyun tarixli xəritədə isə Rusiya hərbçilərinin əvvəlkilərdən əlavə, Kəlbəcər rayonunun İmarət-Qərvənd, Qozlu kəndləri və Buzdux yüksəklikləri istiqamətində də fəallığı müşahidə olunur...

Beşincisi, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Rusiya ordusunu Xankəndini tərk etmiş kimi yalnız o vaxt hesab edə bilərik ki, Rusiya MN-in saytında Azərbaycan torpaqlarındakı kontingentinə aid bölmə və xəritə ümumiyyətlə, silinsin...

Altıncısı, Qarabağ və Şərqi Zəngəzurdakı Rusiya kontingenti canlı qüvvə sayı və texnika sarıdan o gücdə deyil ki, Ukrayna cəbhəsində dönüş yaratmaq üçün çıxarıb oraya yollamaq zərurəti yaransın...

Yeddincisi, Rusiyanın hərbi kontingentini Azərbaycan torpaqlarından çıxarması 30 ildən sonra qazandığı şansı qısa müddətdə itirməsi və bunun ardınca Ermənistandan da bütövlükdə Güney Qafqazdan da əlini üzməsi demək olar. Odur ki, Kreml yalnız Ukraynada bütün resurslarını xərcləyib labüd məğlubiyyətin qaçılmaz olduğunu biləndən sonra Qarabağdan, Xankəndindən əl çəkə bilər...

Maraqlıdır ki, mediamız niyə məhz guya Azərbaycanın xeyrinə olan “fakt”lara diqqət çəkərək şişirtmələrə və nəticədə ictimai rəydə manipulyasiyalara yol verir? Niyə, Rusiya “sülhməramlı”larının, eləcə də onların qucağında bəslənən separatçı-terrorçu rejimin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təhlükəli görünən bir sıra faktların işıqlandırılmasında tərəddüd edir? Yoxsa, Rusiyanın “5-ci kalon”undakı “dost”ların inciməsindən və adekvat tədbirlər görməsindən ehtiyat edir. Yaxud bəzi gerçəkləri söyləməklə yuxarılarn gözündən düşməkdən qorxur? Məsələn, iyunun 16-da Moderator.az-da təqdim etdiyimiz Rusiya hərbçilərinin Azərbaycan ordusunun nəzarətində olan Qubadlı ərazisində də Azərbaycanın hərbi karvanlarını müşayiət etməsi haqda Rusiya MN saytında yayılmış xəbərlər haqda materialı nə əcəb, belə tirajlanmadı? Yaxud Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində Hadrutdan köçmüş haylar üçün 15 bina tikilməsi haqda artıq bir ilə yaxındır yayılan xəbərlərə niyə belə ciddi reaksiya verilmir? Və s. və i.a.

Nə yazıqlar ki, orta və yaşlı nəslin çoxu sovet dövründən bəri şəxsi qazanc, vəzifə, ev, maşın almaq, eləcə də ailə, tayfa, klan maraqları xatirinə saxtakarlığa, “pripiska”ya meyillidir. Və təəssüf ki, bu xislət artıq gənc nəsil nümayəndələrinin də təfəkkürünə nüfuz etməkdədir. Nöqsanları, günahları, cinayətləri malalamaq, uğurları, qələbələri isə şişirtmək... Biz pambıq kisəsinin içərisinə daş yığıb “toplanış planını artıqlamasıyla dolduran”ların arasında böyümüş bir nəsilik... Hələ 1990-cı illərdə yazdığımız kimi, bu yollarla, “pripiska”larla sovet dövründə Moskvaya 1 milyon tondan çox pambıq hesabatı verən Azərbaycan müstəqillik illərində həmin Kremlə torpaqları ermənilərə işğal etdirilmiş 1 milyondan çox qaçqın-köçkün “plan”ı da verdi… Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər və s. bölgələrimizin işğalının bir səbəbi də məhz hələ sovet dövründə Volskilərin, Polyaniçkoların Qarabağda ölkəmizə qarşı apardığı işləri malalağımız, üstəlik, seçkiləri saxtalaşdırıb onları özümüzə deputat seçdirməyimiz oldu... Məhz saxtalaşdırma, “pripiska”, şişirtmə, malalama səbəblərindən 30 ildən çox -hələ bu günədək xeylisi çox ağır şəraitlərdə əzab-əziyyət içində yaşamış 1 milyondan çox qaçqın-köçkünümüz öz doğma yurdlarına qovuşa bilmir...

Bütün bunlarla bərabər, biz yenə də saxtakarlığa, yalana, şişirtmələrə meyilliyik...

Bir neçə gün öncə AzTV Rusiya hərbçilərinin müşayiəti ilə Azərbaycan ordusunun və çəkiliş qrupunun Laçın şəhərindən keçidini əks etdirən qısa video-çəkiliş nümayiş etdirmişdi. Az sonra bəzi xəbər saytları hay-küylə yazdı: “Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu və şəhəri nəzarətə götürdü”. Halbuki, bu keçid 1 dekabr 2020-ci ildən bəri Azərbaycan hərbi və ya mülki karvanlarının Laçın rayon mərkəzindən, demək olar ki, gündəlik keçidlərindən biri idi. Və Rusiya hərbçilərinin müşayiəti ilə baş verən bu keçidlərdə Azərbaycan hərbçilərinə maşınlardakı dövlət bayraqlarını endirmək və Laçın “dəhlizi” daxilində hərəkəti dayandırıb yerə düşməmək tapşırılır...

İnşallah, dövlətimiz, ordumuz Xankəndini də, Laçın şəhərini də nəzarətə götürəcək... Ancaq bu baş verənədək yalan, feyk-xəbərlə yayıb, bu anları 30 ildən çoxdur həsrətlə gözləyən insanlarımızın hissləri olə oynamaq, eləcə də yalançı “uğur” illüziyası yaratmaq lazım deyil... //moderator.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru