“Paşinyanın dediklərində həqiqət var…” – Azərbaycan müharibəyə hazırlaşır?

29-06-2022, 17:21           
 “Paşinyanın dediklərində həqiqət var…” –
“Paşinyan cəmiyyətə izah etməyə çalışır ki, belə getsə, yeni müharibə olacaq. Əslində, dediklərində həqiqət payı böyükdür. Azərbaycanın yeni savaşa hazırlaşdığını bildirən Paşinyan bir detalı unudur - Azərbaycan yeni savaşa deyil, savaşlara hazırlaşır”. TEREF.AZ xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, Azərbaycan mümkün savaş zamanı logistikanı nəzərə alır:

“Əgər yeni savaş olarsa, Qarabağda inşa edilən aerodromlardan bizim “Bayraktar”larımız qalxacaq, 44 gündən fərqli olaraq təminat məsələsi daha rahat olacaq. Hazırda isə bütün diqqətlər Laçın istiqamətinə yönəlib. Laçın dəhlizinə alternativ yolun inşaası bitmək üzrədir. İyul ayının 1-də açılacağı gözlənilən yol bir qədər ləngiyə bilər. Ancaq nəticə etibarilə, bundan sonra Laçın tamamilə boşaldılacaq və həmin ərazilərdə nəzarətimiz təmin ediləcək. Bundan əlavə, bir sıra strateji yüksəkliklər də nəzarətimiz altına düşəcək. Bütün bunlar 10 Noyabr bəyannaməsində var”.

Ekspert qeyd edib ki, gündəm xüsusilə Zəngəzur dəhlizinin açılmasına yönəlsə də, Xankəndi, Xocavənd, Əsgəran, Xocalının da azad edilməsi başlıca məqsəddir:

“Ancaq burada bir təhlükə var – Rusiya. Bu ölkə həmin əraziləri özününküləşdirmək məqsədi güdür. Nə hikmətdirsə, həmin ərazilərdə Rusiyanın tarixi şəxsiyyətlərinə abidələr ucaldılır, heykəllər düzəldilir. Mənim torpağımda rus yazıçısının, aliminin heykəlinin nə işi var? Bunlara sual vermək lazımdır ki, siz bura niyə gəlmisiniz?! Büst ucaltmağa yoxsa sülhə xidmətə? Təbii ki, ritorik sualdır. Sülh istəyən erməni separatçının silahlanmasını gülərək qarşılamaz. Bu proseslərin sürətlənməsi bilavasitə Rusiya-Ukrayna savaşının nəticəsindən asılıdır. Bu müharibə özü ilə birlikdə yeni reallıqlar da yaratdı. Qərb başa düşür ki, Rusiyadan asılı qalmaq çox təhlükəlidir və alternativ tapmaq lazımdır. Bu mənada Azərbaycan diqqət çəkir. Yerləşdiyi məkan və qaz ehtiyatları Azərbaycanla Aİ, anqlosaks ittifaqı arasında əməkdaşlığı gücləndirməyə rəvac verir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.