İrəvanla Tehran arasında "rüsum anlaşılmazlığı"

27-08-2022, 11:48           
İrəvanla Tehran arasında "rüsum anlaşılmazlığı"
Uzun müddətdir ki, Ermənistan hakimiyyəti İrəvan və Tehranın yük maşınları üçün ölkəyə giriş rüsumlarının qarşılıqlı ləğvinə hazır olduğunu bəyan edir. Lakin hər iki tərəf bu istiqamətdə konkret addımın atılacağına dair təxmini tarix deməkdən yayınır. 2022-ci il mayın 10-da məlum oldu ki, elə həmin ayın 21-dən etibarən Ermənistan dövlət nömrəli avtomobillər İrana girişdə əlavə 120 dollar ödəyəcəklər.

Ermənistanın İrandakı ticarət attaşesi Vardan Kostanyan isə bəyan edib ki, İrəvanla Tehran məlum rüsumların azaldılması ilə bağlı ilkin razılığa gəliblər.
Mayın 16-da Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Tehrana səfəri zamanı verdiyi rəsmi açıqlamaya əsasən, o, yüklərin daşınması ilə bağlı problemlərin aradan qaldırılması üçün İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi ilə razılaşıb. Lakin konkret olaraq razılaşmaların detalları açıqlanmadı.

Daha sonra Sanosyan parlamentdə çıxış edərək dedi ki, o, iranlı həmkarlarından problemin necə həll oluna biləcəyi bəlli, detallar müəyyən olana qədər rüsum dəyişikliklərini dondurmağı xahiş edib.

Avqustun ortalarında iqtisadiyyat naziri Vahan Kerobyan isə hər iki ölkənin eyni vaxtda ağır yük maşınları üçün giriş rüsumlarını ləğv etməsi üçün ilkin işlər gördüyünü dedi.

- İran tərəfi bir neçə dəfə bəyan edib ki, onlar hazırdırlar. Bizim prosedurlarımız da başa çatmaq üzrədir, biz də artıq hazırıq, - Kerobyan yerli mediaya açıqlamasında qeyd edib.

Nazir erməni iqtisadiyyatı üçün nəfəslik rolunu oynayan bu daşınmalar, yük avtomobillərinin rahat, az itki ilə hərəkətinə dair razılaşamlarla bağlı qeyd edib ki, guya İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli iş görüb. Amma prosesin formal şəkildə başa çatdırılması Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin səlahiyyətindədir.

Maraqlıdır ki, Sputnik Ermənistan İran yük maşınlarının Ermənistan ərazisinə, Ermənistan yük maşınlarının isə İran ərazisinə daxil olması üçün hansı tariflərin tətbiq olunduğuna aydınlıq gətirilməsi ilə bağlı Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq hələ də "işlərin getdiyi" deyilir.

Nazirlikdən bildirilib ki, tariflər Vergi Məcəlləsinin 188-ci maddəsinə uyğun olaraq müəyyən edilib. Buna əsasən, məsələn, çəkisi 20-30 ton olan yük maşınları üçün Ermənistana 15 gün ərzində daxil olmaq üçün ödəniş 110 min dram (270 dollar), 30-44 ton ağırlığında olan avtomobillər üçün 152 min dram (375 dollar) təşkil edir. 44 tondan 60 tona qədər olan yük maşınları 205 min dram (506 dollar) ödəməlidir.

Bundan əlavə, nazirliyin cavabında qeyd edili ki, sürücülər ekoloji vergi də ödəməlidirlər. Ağırlığı 12 tondan çox olan avtomobillər üçün bu, 15 min dram (37 dollar) təşkil edir.
Ermənistanda qeydiyyatda olan yük maşınlarına gəlincə, “onlar İran ərazisinin 1 km-dən çox dərinliyinə getməsələr, rüsum ödəmirlər”. Əgər maşınlar 1 km-dən çox irəliləyirlərsə, avtomobillərin yanacağının qiymətindəki fərqə görə 220 dollar və bunun üstü vergi ödəyirlər.
“İndi İran ərazisindən tranzit üçün Ermənistan yük maşınlarından da 120 dollar əlavə rüsum alınır”, - məlumatda deyilir.

Yol ödənişlərinin qarşılıqlı ləğvi məsələsinə gəlincə, nazirlikdən bildiriblər ki, bununla bağlı hələ də danışıqlar aparılır. Konkret və mümkün tarix bəlli deyil.
Diqqət çəkən amillərdən biri isə bu olub ki, İrandan yük daşıyan sürücülərdən biri “Sputnik Ermənistan”a deyib ki, səlində hər şey bəyan olunan kimi deyil. Onlar istənilən halda, İran ərazisinin nə qədər dərinliyinə sürmələrindən asılı olmayaraq ölkəyə girişdə 120 dollar ödəyirlər. Onun sözlərinə görə, Ermənistan yük maşınlarının böyük əksəriyyəti sərhəddən yük götürür.
Sayt bu məsələ ilə bağlı İran səfirliyinə də sorğu göndərsə də hələlik cavab əldə olunmayıb.
Tural Tağıyev
Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru