"Ermənistan sülh prosesini yubadır" - Bu əraziləri NƏZARƏTƏ GÖTÜRMƏLİYİK

27-08-2022, 11:15           
"Ermənistan sülh prosesini yubadır" -
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib ki, komissiya nümayəndələri avqustun 30-da görüşəcəklər. Qeyd edək ki, daha əvvəl görüşün Moskvada keçiriləcəyi barədə məlumat verilmişdi.
TEREF.AZ-ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna müharibəsi, regionda və ümumiyyətlə postsovet məkanında cərəyan edən hadisələr nəyisə gözləmək məcburiyyəti yaradır. Analitik vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərində bizim üçün ciddi dəyişikliklər gözlənilmir. Ancaq İrəvanın itirmək qorxusu Ermənistanı gözləmə mövqeyində saxlayır: “Rəsmi Bakının özü üçün yaratdığı reallıqlar Azərbaycanı böyük ölçüdə qane edir. Həmçinin, sonrakı proseslərdə problemləri öz xeyrinə həll edəcəyinə əminlik yaradır. Ermənistanda isə arxayınlıq hissi yoxdur. Ona görə də manevrlər etmək, prosesləri ləngitmək niyyəti güdür. Ancaq biz də yubanmanı fürsətə çevirməliyik. Ermənilər sərhəd boyunca təxribatlar törətdikcə əzəli Azərbaycan torpaqları olan ərazilərimizi öz nəzarətimizə qaytarmalıyıq. Tərəflər arasında görüşlər isə mütəmadi davam etməlidir. Belə təmaslardan konkret nəticələr gözlənilməsə də, müəyyən irəliləyişlərin olacağı istisna edilmir. İrəvan öz maraqları naminə pərdəarxası addımlar atsa da, gec-tez regiona sülh və stabillik gəlməlidir. Dünyada mövcud olan qarşıdurmaların genişmiqyaslı müharibələrə çevrilməsi ehtimalı daim göz önündə olmalıdır. Ən azından regionumuzdakı stabillik tərəfləri mümkün müharibənin dağıdıcı təsirindən qoruya bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.