Azərbaycanın tələbləri Ermənistanı qarışdırdı - “İrəvan Qarabağdan tam imtina etdi”
1-09-2022, 19:49

“Brüsseldə danışıqlar Azərbaycanın Qarabağa dair sərt tələblərinin növbəti dəfə reallaşdırılmasından ibarət olub. Danışıqlarda Qarabağ probleminin həllindən, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan danışılmayıb”.
“Ermənistan” müxalifət blokunun parlament fraksiyasının deputatı Geğam Manukyan yerli mətbuata açıqlamasında belə deyib. Deputat əlavə edib ki, Qarabağın statusu və onun sakinlərinin təhlükəsizliyi ilə bağlı məsələlərə aydınlıq gətirilmədən, Azərbaycanla sülh müqaviləsinin bağlanması Ermənistan müxalifəti tərəfindən son dərəcə mənfi hal kimi qiymətləndirilir.
“Bu, əslində o deməkdir ki, İrəvan Qarabağdan imtina edir, ondan təcrid olunur”.
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Hayk Mamicanyan da Geğam Manukyanın fikirlərini bölüşüb. “Ermənistan və Azərbaycan arasında qondarma sülh müqaviləsi məsələsində nəhayət, Qarabağ və Ermənistan Respublikasının milli maraqları üçün böyük itkilərlə dolu olan Qarabağ problemi mötərizədən çıxarıldı. Digər mühüm məqam danışıqlarda “Dağlıq Qarabağ” ifadəsinin ümumiyyətlə, istifadə edilməməsindən ibarətdir. Bu, ən yaxşı halda Azərbaycan tərəfinin tələb etdiyi kimi Qarabağdır”, - Mamicanyan belə deyib.
Bu arada müxalifət hakimiyyətin ölkəni Qərblə Rusiya arasında geosiyasi qarşıdurma girdabına sürükləmək cəhdlərini Ermənistanın təhlükəsizliyi üçün təhdid hesab edir. Yəni İrəvanın Brüsseldə danışıqlara razılıq verməsi Moskvanın buna kəskin reaksiyası deməkdir.
“Rusiya ilə Qərb arasında artan qarşıdurma şəraitində İrəvanın Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində danışıqlara da razılıq verməsi Ermənistanın özünün təhlükəsizliyinə təhdiddir. Ölkəni Rusiya-Qərb kəskin geosiyasi qarşıdurması uçuruma sürükləmək, yumşaq desək, mənfi nəticələrlə doludur”, - deyə Manukyan bildirib.
Müşfiq Abdulla