“Əslən Qarabağ ermənisi olmayan Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir…”
3-09-2022, 00:05

Brüssel formatında sayca dördüncü görüşün dörd saat davam etməsi bir daha sübut edir ki, diplomatiya masasında Azərbaycan və Ermənistan arasında hər hansı bir razılaşma asanlıqla əldə edilmir, hətta belə bir təəssürat yaranır ki, bu dəfə Ermənistanın mövqeyi nəinki son görüşü, bütövlükdə Brüssel prosesini pozmağa yönəlib. Alınan ilk məlumatlardan bəlli olur ki, müzakirənin əsas predmeti olan sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün xarici işlər nazirlərinə bir ay müddətində görüşmək tapşırığının verilməsi, ermənilər tərəfindən narazılıqla qarşılanıb. Ermənistan nümayəndə heyətini “bir aylıq müddət” və Qarabağ məsələsinin müzakirəyə çıxarılmaması narzı salıb. Ermənistan baş nazirinin “Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunu” müzakirə etməyə bir xeyli cəhd etdiyi barədə də məlumatlar daxil olur. Şarl Mişelin rəsmi açıqlamasında iki dövlət arasında “münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı və bir ay müddətində layihə mətnlərin hazırlanması tapşırığının verildiyi” qeyd olunur. Burada “işin sürətləndirilməsi” və “bir ay müddəti” sözlərinə xüsusi diqqət yetirmək lazımdır. Bu ilin aprelində Brüsseldə keçirilən ikinci görüşdə də delimitasiya üzrə ikitərəfli komissiyanın aprelin sonunadək yaradılması şərt kimi irəli sürülmüşdü, çünki komissiyanın yaranması hələ 26 noyabr Soçi görüşündə razılaşdırılsa da, ermənilər və təbii ki, həm də Rusiya süni şəkildə zamanı uzadır və komissiyanı yaratmırdı, baxmayarq ki, Azərbaycan tərəfi komissiyanın tərkibini də elan etmişdi. Məhz Brüssel görüşündə konkret vaxt qoyulduqdan sonra mayın ortalarında ikitərəfli komissiya yarandı və ilk görüşü də mayın sonunda Moskvada keçirildi. Yeri gəmişkən, ikinci görüş də Brüssel görüşü ərəfəsində Moskvada keçirildi və birinci görüşdə olduğu kimi bu dəfə də konkret olaraq hansı razılaşma olduğu açıqlanmır. Görünür, heç bir razılaşma olmayıb. Brüssel görüşü ərəfəsində RF XİN sözçüsü Mariya Zaxarovanın Avropa İttifaqının vasitəçiliyini “geosiyasi ambisiya”, və “pevdo təşəbbüs” kimi dəyərləndirməsi Moskvanın Brüssel formatına narazılığını yox qəzəbini ifadə edirdi. Kreml noyabrda keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşlərinə mane olmaq məqsədilə həm Qarabağda, həm də Ermənistanda gərgin vəziyyət yaratmağa və gərginlik prosesi “uğurla” davam edərsə, hakimiyyət dəyişikliyinə çalışır. Rusiya milyarderi Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəldiyini elan etməsi və “Artsaxın inkişafı və təhlükəsizliyi fondu” yaratmaq niyyətində olduğu məsələnin görünən tərəfidir. Əsl məqsəd Paşinyan hakimiyyətinə son verib birmənalı olaraq Rusiyanın mövqeyində dayanan yeni fiqur- milyarder Ruben Vardanyanı hakimiyyət olimpinə yüksəltməkdir. Əslən Qarabağ ermənisi olmayan, İrəvanda anadan olan Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir. Vardanyanın məqsədi fond yaratmaq olsaydı, bunu RF vətəndaşlığından imtina etmədən də həyata keçirə bilərdi. Sadəcə, Ermənistan baş naziri olmaq üçün Ermənistan vətəndaşı olmaq lazımdır.