Partiyalarla bağlı yeni tələblərin bir qismi gülüncdür - Anar Əsədli

9-09-2022, 00:00           
Partiyalarla bağlı yeni tələblərin bir qismi gülüncdür - Anar Əsədli
“Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı yayımlandı. Buurada xüsusi diqqətçəkən məqam siyasi partiyaların təsis edilməsi ilə bağlı tələblərdir. Yeni qanun layihəsində bununla bağlı tələblərin çox yüksək göstərilməsi təklif edilir. Məsələn, üzvlüklə bağlı tələbin 1000 nəfərdən 10000 nəfərə, təsisçilərlə bağlı tələbin isə 1 nəfərlə mümkün olduğu halda, 200 nəfərə yüksəldilməsi yolverilməz və məntiqsizdir”.
Bu fikirləri Bakupost.az -a Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli “Siyasi partiyalar haqqında” qanun layihəsini şərh edərkən bildirib.
O qeyd edib ki, üzvlərin sayı ilə bağlı yeni tələb fəaliyyətsiz partiyaların qeydiyyatını əngəlləməyə hesablanıb:
“Yaxşı, təsisçinin 200 nəfərə yüksəldilməsi nə deməkdir? Bu, hər şeydən öncə dolaysı yolla Konstitusiyanın siyasi fəaliyyətlə bağlı müddəalarına ziddir. Belə çıxır ki, siyasi fəaliyyətlə məşğul olmaq istəyən, partiya yaratmaq istəyən Azərbaycan vətəndaşı bu istəklərini reallaşdırmaq üçün 199 nəfər tapmalıdır? İkincisi, Konstitusiya Respublikanın prezidenti olacaq şəxsin ölkədə 10 il yaşamasını tələb etdiyi halda, partiya qurucuları üçün bu tələbin 20 il olması gülüncdür. Bu tələb maksimum 5 il ola bilər. Partiya sədri prezident olmaq istəyən siyasi şəxsdir. Ölkə prezidenti statusundan daha yuxarıda durmur ki, 20 il tələb olunsun”.
A.Əsədlinin fikrincə, yeni qanun layihəsindəki bu müddəalar məqsədli şəkildə əlavə olunub:
“Hesab edirik ki, bu məsələlər siyasi plüralizmin sıxışdırılmasıdır və yolverilməzdir. Azərbaycan Yüksəliş Partiyasının “Siyasi partiyalar haqqında” qanun layihəsinə düzəliş və dəyişikliklərlə bağlı təklifləri bir ay öncə Milli Məclisə təqdim edilib. AY Partiya olaraq hesab edirik ki, siyasi partiyaların qeydiyyata alınması ilə bağlı heç bir çətinlik olmamalıdır, bütün çətinliklər aradan qaldırılmalıdır. Əlbəttə ki, xaotik vəziyyət yaranması da yolverilməzdir, müəyyən tənzimləmənin olması vacibdir”.
“Bəs bu tənzimlənmə necə olmalıdır” sualını partiya sədri belə cavablandırıb:
“Təkliflərimizdən də göründüyü kimi, siyasi partiyalarla bağlı özü-özünü tənzimləyən mexanizm formalaşdırılmalıdır. Bu mexanizm qətiyyən partiyaların yaranmasına, onların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etməməlidir. Əks halda siyasi arenamızda Vətən müharibəsindən sonra yaranan canlanma yenidən birqtüblü, plüralizmə zidd formalarla əvəzlənəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru