Rusiyalı deputatlar Putini istefaya çağırdı
10-09-2022, 11:28

Sankt-Peterburq deputatlarının ardınca Moskvalı deputatlar da Putini istefaya çağırıblar
Moskvanın Lomonosovski rayonunun bələdiyyə şurasının bir qrup deputatı Rusiya prezidenti Vladimir Putinə dövlət başçısı vəzifəsindən istefa vermək üçün müraciət edib. “Ölkə.Az” xəbər verir ki, sentyabrın 8-də baş tutan görüşün videoçəkilişi rayonun saytı “molomonosovskiy.ru”da dərc olunub.
Müraciəti yazan sədr Timofey Nikolayev onu iclasda iştirak edən deputatlara oxuyub. Müraciətdə deyilir ki, “öz yerini təzə insanlara, yeni ideyalara, qüvvələrə vermək vaxtı çatıb”. “…Biz yenidən bütün dünyanı nüvə silahı ilə hədələyirik. …Baxışlarınızın, idarəetmə modelinizin köhnəldiyinə və Rusiyanın inkişafına və onun insan potensialına mane olduğuna görə vəzifədən getməyinizi xahiş edirik”-mətndə deyilir.
Onu da qeyd edək ki, sentyabrın 7-də Sankt-Peterburqda “Smolninskoe” bələdiyyəsinin şurası da Dövlət Dumasının deputatlarını Putinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məsələ qaldırması barədə çağırış edib.