Səxavət Əlisoydan Qubad İbadoğluna ağır ittihamlar: - "Bəs deyirdin İngiltərə sənə “stavka” edir?
20-10-2022, 17:57

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Səxavət Əlisoy yenidən Qubad İbadoğlu haqqında kəskin ifadələr işlədib.
TEREF.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, Səxavət Əlisoy partiya sədrini xəyanətdə ittiham edib.
"2019-cu il dekabr ayının 22-də ADR Məclisinin 10-cu sessiyasında 6 dəqiqəlik çıxışım var, axtar arxivini bax. 4 ildir ADR-lə əlaqəsini kəsən şəxs 3 il əvvəl Məclisdə necə iştirak edib, hansı statusla çıxış edib? Görünən odur ki, sən, utanc hissindən məhrumsan. Cəsarətin çatmadı ki, səhvini etiraf edəsən. Səndən partiya sədri olmaz. Bunu çox yaxşı bilirsən. Sən bir peşəkar "QHT-şniksən”, bunu bacarığını etiraf edirəm, "qrant məsələsi”ndə Azərbaycanda öndə gedən 3-5 nəfərdən birisən. 20 ildən artıqdır Azərbaycanı istismar edənlərin guya demokratiya üçün mücadilə verən "sevimli kadrısan", deyə Səxavət Əlisoy bildirib.
S.Əlisoy qeyd edir ki, Qubad İbadoğlu "bu ilin axırında ölkədə vəziyyət dəyişəcək və İngiltərənin yeni baş naziri mənə "Stavka” etdiyi üçün Bakıya dönəcəyəm" deyən bir avanturistdir.
"Ağır durumuna rəğmən səndən 200 manat borc istəyən hərəkat üzvünə, 7 ildir dayanmadan səni təbliğ edən birinə "yoxumdur" deyə bilən bir nankorsan”, deyən Səxavət Əlisoy bir ay öncə həkim Rüfət Əliyevin İdarə Heyətindən istefa verdiyini xatırladıb: "Adil Qeybulla da sənin yanından çəkilər, yəqin”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin üzvü Əlövsət Sadıqlı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Səxavət Əlisoy partiyanın üzvü olmayıb: "ADR Hərəkatı ictimai birliyinin üzvü olub, oradan da gedib. İctimai birliyin ADR Partiyasına heç bir aidiyyatı yoxdur. Yəni, partiya siyasi, ictimai birlik isə ictimai fəaliyyətlə məşğul olan qurumlardır. Odur ki, bu iki qurumu bir-biri ilə qarışıq salmaq olmaz və düzgün də deyil”.
Əlövsət Sadıqlı onu da əlavə edib ki, ümumiyyətlə Səxavət Əlisoy partiyaya üzv olmaq üçün indiyədək heç bir təşəbbüs göstərməyib.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri müavini Səxavət Əlisoy qurumdan istefa verib. Partiyanın sədri Qubad İbadoğlu isə "4 ildir ki, nə hərəkat, nə də partiya olaraq Səxavət Əlisoy adlı üzvümüz yoxdur" deyə bildirib.