Rus mediasında antiAzərbaycan ovqatından Kremlin xəbəri varmı? - "Tapşırıq elə ordan gəlib..."

27-10-2022, 12:10           
Rus mediasında antiAzərbaycan ovqatından Kremlin xəbəri varmı? -
"Rusiya həmişə Azərbaycanla bağlı çirkin informasiya təbliğatını rahat şəkildə, gen-bol tirajlayıb. Həm də bunu dövlət mediası vasitəsi ilə həyata keçirir". TEREF.AZ xəbər verir ki, bu sözləri "Şərq"ə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib. Tanınmış jurnalist bildirib ki, televiziya kanallarında, çap və onlayn mediada anti-Azərbaycan qüvvələrə həvəslə yer verilir: "Əlbəttə, bunların heç biri təsadüf deyil. Rusiya dövləti icazə verməzsə, göstəriş və tapşırıq olmazsa, belə verilişlər efirə getməz. Bu davranışlar birbaşa Kremldən qaynaqlanır.

Yəni Rusiya dövlətinin rəsmi siyasətidir. Çox vaxt bizdə yanlış olaraq düşünürlər ki, qarayaxma təbliğatının arxasında erməni diasporası dayanır. Bu iddia inkişaf etmiş, demokratik Qərb dövlətlərində keçərli ola bilər. Həmin ölkələrdə istənilən maraq qrupları özlərinə uyğun təbliğat qururlar. Amma Rusiyada vəziyyət başqadır. Rusiya avtoritar idarəetmə üsuluna sahib bir dövlətdir. Orada ən yuxarıda duran şəxsin xəbəri və izni olmadan təxribatçı davranışların sərgilənməsi qeyri-mümkündür.

Rusiyada baş verənlərdə erməni izi var, lakin erməni izi Rusiyanın özünü arxa plana atması, gizlənməsi üçün vasitədir. Kreml rəhbərinin birbaşa icazəsi olmadan strateji tərəfdaş sayılan Azərbaycana qarşı hörmətsizlik mümkün deyil. Rusiya və Azərbaycan arasında bir çox ikitərəfli sənədlər imzalanıb. Həmin sənədlərə əsasən, iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan bu sənədlərə sadiqdir. Son belə sənədlərdən biri də informasiya təhlükəsizliyi ilə bağlı idi. Rəsmi Bakı bütün hallarda ortaq sənədlərin ruhuna uyğun davranır. Əfsuslar olsun ki, Rusiya eyni davranışı sərgiləmir və çirkin təbliğata yol verir".

A.Həsrət vurğulayıb ki, Azərbaycan belə məqamlarda Rusiya ilə mövqeləri daha da dəqiqləşdirməlidir:

"Rusiyanın Azərbaycanda bu və ya digər formada təsir imkanlarını qoruyub saxlayan bağları kəsməliyik. Rus məktəbləri üçün yaradılmış şəraitə, rus dilinin gen-bol istifadəsinə yenidən baxılmalıdır. Çünki Rusiya bizim bu münasibətimizə layiq deyil, tərəfdaşlığa sadiq deyil.

Moskva imza atdığı sənədlərə sədaqət nümayiş etdirmir. Rəsmi Bakı öz siyasətini buna uyğun qurmalıdır. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, kabel yayımçılarının paketlərindən rus kanalları bütünlüklə çıxarılmalıdır. Təsəvvür edin, həmin kanallarda bizə qarşı çirkin təbliğat aparılır, ölkəmizdəki kabel yayımçıları o televiziya kanallarını Azərbaycan izləyicisinə pulla satırlar.

Rusiyanın çirkin təbliğatı evlərimizin içinə soxulur. Buna yol verilməməlidir. Niyə həmin paketlərdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin kanalları yoxdur? Paketlərə bunları əlavə etmək lazımdır. Rusiya elə davranırsa, biz də belə davranmalıyıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru