Putinin sağ əli Kadırov Amerika əsgərlərinə meydan oxudu - kişisinizsə, qarşımıza çıxın
27-10-2022, 12:24
Rusiya lideri Vladimir Putinin fevralın 24-də verdiyi hücum əmri ilə başlayan Rusiya ordusunun Ukraynadakı savaşı bütün şiddəti ilə davam edir.
Putinin sağ əli, Çeçenistan lideri Ramazan Kadırov işğalın əvvəlindən bəri Rusiyanı dəstəyir. Sosial şəbəkələrdə zaman-zaman sensasion açıqlamaları ilə diqqət çəkən Kadırov həmin paylaşımlara bir yenisini əlavə edib.
Bütün Ukraynaya sahib olduqlarını deyən Kadırov, "Sərhədlərimiz Xarkovla bitmir. Kiyev, Odessa, Lvov... Bütün Ukrayna bizimdir. Hər şəhəri məhv edəcəyik. Hər qarış torpağı ələ keçirəcəyik. Həmd olsun Allaha, bu satanistlərə qarşı cihaddır" deyib.
Kadırov daha sonra Rumıniya-Ukrayna sərhədində yerləşdirilən ABŞ-ın 101-ci Hava Desant Diviziyasına da meydan oxuyub. Kadırov, "Ukrayna sərhədinə Amerika əsgərləri gəlir. Əgər kişisinizsə, qarşımıza çıxın" deyib.