"Putin Şoyqunun avtoritetini bərpa etməyə çalışır" - ISW

29-10-2022, 11:04           
"Putin Şoyqunun avtoritetini bərpa etməyə çalışır" - ISW
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında işğalçı ölkənin prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun səlahiyyətlərini bərpa etmək niyyətindədir. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna müharibəsinə dair hesabatda analitiklər qeyd edirlər ki, Müdafiə Nazirliyini tənqid edən və radikal sayılan silahlı qrupların artan təsirinə qarşı tarazlıq yaratmaq üçün Putin Rusiyanın informasiya məkanında Şoyqunun nüfuzunu bərpa etməlidir.
İnstitutunun ekspertlərinin fikrincə, Putin hətta səfərbərliyin başa çatması haqqında məlumatı Şoyqu ilə görüşdə deyil, özü də elan edə bilərdi. Həmçinin o, uğursuz səfərbərliyi təkbaşına başa çatdırmaq üçün nazirə də göstəriş verə bilərdi.

"Onların səhnələşdirilmiş ictimai görüşü son vaxtlar Şoyqunun mediada daha çox görünməsi ilə uyğun gəlir. Məsələn, bu həftə Şoyqu türkiyəli, çinli və qərbli həmkarları ilə bir neçə telefon danışığı aparıb", - Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Analitiklər onu da xatırladıblar ki, Şoyqunun informasiya məkanında üzdə olması tamamilə Kremlin razılığından asılıdır. Çünki yalnız Putin Şoyqunun nə vaxt publik şəkildə danışacağına nəzarət edə bilər.

Qeyd edək ki, son aylar yerli və xarici mediada "Vaqner"in rəhbərindən tutmuş, çeçen silahlılarını hazırlayıb cənhəyə göndərən Çeçenistan rəhbərinə qədər xeyli nüfuzlu şəxsin müdafiə nazirliyi rəhbərliyinin uğursuz fəaliyyətindən narazılığını əks etdirən silsilə yazılar dərc edilir.
Tural Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru