"Müdafiə nazirinin sülhdən danışmaq səlahiyyəti yoxdur" - Ekspert danışır

29-10-2022, 13:12           
"Müdafiə nazirinin sülhdən danışmaq səlahiyyəti yoxdur" - Ekspert danışır
"Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar". Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında deyib. "Azərbaycan Müdafiə naziri Zakir Həsənovun “sülhdən siyasətçilər danışmalıdır” fikri əslində çox doğru bir fikirdir. Ümumiyyətlə, normal idarə edilən dövlətlərdə hər bir vəzifəli şəxsin, hər bir sahədə fəaliyyət göstərən şəxsin özünün vəzifələri, öhdəlikləri və səlahiyyətləri olur. Azərbaycan da Hüquqi və Demokratik dövlətdir. Bizim müstəqil olaraq, ilk konstitusiyamız 1995-ci ildə qəbul edilib və həmin o konstitusiyaya görə bu belədir".
TEREF.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, baxmayaraq ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində 20 faiz ərazilərimizi itirdikdən sonra atəşkəs müqaviləsi bağlanmışdı. Azərbaycan əraziləri 30 ilə yaxın müddət ərzində işğal altında olub və Azərbaycan müharibə şəraitində olub. Bu atəşkəsə Ermənistan tərəfindən heç riayət edilməyib. Həmin atəşkəs məhz Ermənistan tərəfindən mütəmadi şəkildə pozulurdu. Azərbaycan İkinci Qarabağ müharibəsinə qədər müharibə şəraitində idi. Daim düşmənin təxribatlarına cavab verməli olurdu.

“Belə bir şəraitdə Azərbaycanda müdafiə nazirinin, orduya rəhbərlik edən şəxsin təbii ki, öz səlahiyyətləri var. Onun sülhdən danışmaq səlahiyyəti yoxdur. Ölkənin rəhbəri var. Həm silahlı qüvvələrə rəhbərlik edən ali baş komandan, həm də ölkənin siyasətinə, diplomatiyasına, ümumilikdə dövlətə rəhbərlik edən də prezidentdir. Təbii ki, sülhdən danışmaq üçün məhz dövlətin, xalqın etimad göstərdiyi, etibar etdiyi, səs verdiyi dövlətin başçısı dövlət və xalq adından danışa bilər. Sülhdən danışmaqda onun səlahiyyətlərində ola bilər. Hər bir halda sülh sazişinin imzalanması təbii ki, müəyyən prosedurlar çərçivəsində həyata keçirilir. Buda Azərbaycan Respublikasının qanunvericiliyinə və konstitusiyasına əsasən həyata keçirilir. Sülh sazişindən danışmaq üçün təbii ki, müvafiq vəzifəli şəxslər var” - deyə politoloq bildirib.

Xəyal Bəşirovun sözlərinə görə bu normal dövlətlərdə belədir. Təbii ki, bizim qarşımızda qeyri-normal tipli toplum olan Ermənistan var. Ermənistanda dövlətin başçısı, baş nazir bir söz deyir, xarici işlər naziri tamamilə onun fikrinə zidd fikir səsləndirir. Müdafiə naziri tamamilə fərqli fikir səsləndirir. Ümumiyyətlə, ölkədə xaotik proseslər baş verir.

“Təbii ki, Ermənistan kimi dövlətdə müdafiə naziri sülhdən də danışa bilər və eyni zamanda, xarici işlər naziri müharibədən danışa bilər. Ümumiyyətlə, bir şəxs öz səlahiyyəti olmayan məsələdən də danışa bilər. Təbii ki, Azərbaycan tamamilə fərqlidir. Azərbaycanda mərkəzləşmiş dövlət aparatı var, Azərbaycanda idarəetmə mexanizmi və qanunlar var. Qanunlara tabeçilik var. Hər kəsin qanunla müəyyənləşdirilmiş səlahiyyətləri, öhdəlikləri, hüquqları var. Məhz bu prinsiplə yanaşanda Azərbaycanda müdafiə naziri təbii ki, sülhdən danışmamalıdır. O, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir və layiqincə yerinə yetirdiyinə görə təbii ki, sülhdən danışmaq məqamı gələrkən də, sülhdən danışmaq səlahiyyəti olan şəxslər də sülhdən danışacaqlar” - deyə politoloq qeyd edib. Onun sözlərinə görə hər bir halda bizim bu gün sülhdən danışmağımız təbii ki, Azərbaycan xalqının və dövlətinin istəyidir. Azərbaycan dövləti 10 illiklər boyu bizə düşmənçilik edən, ərazilərimizi işğal edən, dövlətimizə təcavüz edən, insanlarımızı qaçqın vəziyyətinə salan bir dövlətin üzərində qələbə qazanıb.

“Prezidentimiz qalib dövlətin prezidenti kimi deyil, regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi təşəbbüsünü ortaya qoyan bir lider kimi çıxış edir. Azərbaycan xalqı da sülh təşəbbüslərinə dəstək verir. Dövlətimiz də təbii ki, eyni siyasəti həyata keçirir. Biz sülh sahəsindən danışmaq istədiyimizi ortaya qoyuruq. Amma, buda qanunlar çərçivəsində olmalıdır ki, bizdə buna riayət edirik” - deyə politoloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru