Mehmet Perinçek: “Qərblə sövdələşmə, sadəcə, mənasızdır”

8-12-2023, 16:47           
Mehmet Perinçek:
“Qərb Türkiyəyə qarşı ritorikasını yumşaltmır, hələ üstəlik, Qərb dövlətləri Türkiyə Cümhuriyyətinin “geri çəkilməsini” gözləyirlər. Bu hamıya aydındır. Deməli, Qərblə sövdələşmə, sadəcə, mənasızdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında türkiyəli tarixçi və politoloq Mehmet Perinçek hazırkı Qərb-Türkiyə münasibətlərini şərh edərkən deyib.

Ekspert bildirib ki, İsveçin NATO-ya daxil olması Ankara üçün heç də yaxşı xəbər deyil.

“NATO-nun de-yure üzvü olan Türkiyə faktiki olaraq Şimali Atlantika Alyansının bir çox ölkələrinin hədəfinə çevrilib. İsveçin Kürdüstan Fəhlə Partiyasına (PKK) necə dəstək verdiyini xatırlayın. Deməli, Stokholmun NATO-ya daxil olmasının qarşısını almaq Türkiyənin həyati maraqlarına cavab verən doğru qərar ola bilərdi. Bir daha qeyd edim ki, bu məsələdə bazarlıq etməyin mənası yoxdur. Hətta İsveçin üzvlük protokollarının ratifikasiyası üçün onları Türkiyə Böyük Millət Məclisinə göndərməyə belə, ehtiyac yox idi”, - Mehmet Perinçek deyib.

İsveçdə islam əleyhinə etirazların, eyni zamanda, bəzi isveçli siyasətçilərin yeni məscidlərin tikintisini qadağan etmək, mövcud olanları isə sökmək çağırışlarına münasibət bildirən politoloq söyləyib ki, Türkiyə insanı bütün bu islamofob addımlara diqqət yetirir və bu amil ictimai rəyə ciddi təsir edir:

“İsveçdə islam əleyhinə əhvali-ruhiyyə güclüdür. Onlar nəinki məscidlərin sökülməsinə çağırırlar, hətta Quranı da yandırırlar və bunu söz azadlığının təzahürü adlandırırlar.

Bundan başqa, İsveç Kürdüstan Fəhlə Partiyasının, FETÖ terrorçularının yuvasına çevrilib. İsveç belə bir şəraitdə necə Türkiyənin müttəfiqi ola bilər?”
İsveçin NATO-ya üzvlük protokollarını ratifikasiya etməyən Ankara və Budapeştin baş verənlərə münasibətini şərh edən politoloq hesab edir ki, hazırda Türkiyə ilə Macarıstan gələcək addımlarını koordinasiya edirlər:

“Yeri gəlmişkən, Macarıstan ABŞ-nin yedəyində gedən bir çox Avropa ölkələrindən qat-qat daha suverendir. Almaniya, Fransa və digər dövlətlər öz maraqlarını müdafiə etmirlər”.

Mehmet Perinçek İsveçin NATO-ya daxil olma ehtimalı ilə bağlı proqnoz verməkdə çətinlik çəkdiyini deyib.

Politoloq hesab edir ki, Ankara bu kimi məsələlərdən Qərblə sövdələşmə aparmaq üçün istifadə edə bilməz, çünki söhbət Türkiyənin həyati maraqlarından gedir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.