Mahmud Bilgin: Xameneyi Pezeşkianı gətirməyə məcbur qaldı

19-07-2024, 18:34           
Mahmud Bilgin: Xameneyi Pezeşkianı gətirməyə məcbur qaldı
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətində İranda Məsud Pezeşkianın prezident seçilməsi ilə nəticələnən proseslər və onun prezidenlik dönəmində baş verəcək mümkün dəyişikliklər haqqında danışıb.

Mahmud Bilgin hesab edir ki, İranın ali dini lideri Seyyid Əli Xameneyi hakimiyyətin xarici və daxili siyasətdə çıxmaza düşdüyünü gördüyü üçün Məsud Pezeşkian vasitəsi ilə bəzi dəyişikliklərə getmək məcburiyyətində qalıb.

“Belə görünür ki, Beyti Rəhbər (dini liderin ofisi) buna yetişmişdi ki, hakimiyyət tam bir siyasi çıxmaza düşüb. Əhalinin 80 faizindən çoxunun dəstəyini itirib. Məşruiyyəti əldən gedib. Xaricdə sanksiyalar, basqılar, içəridə də iqtisadi ağır durum partlamağa doğru gedir və dərhal yönü dəyişdirmək gərəkdir. Mən düşünürəm bu əsasda idi ki, hakimiyyət bu yeniliyə getdi. Yəni, İran bir normal demokratik, ya yarı-demokratik ölkə deyil ki, deyək, orada doğrudan bir prezident seçkiləri oldu və millətlər səslərini verdi və yeni bir güc gəlib və yenilik yaranacaq filan” siyasi fəal bildirir.

O, Pezeşkianın da həmin vəziyyətə uyğun olaraq ortaya çıxdığını önə çəkir:
“Burada Pezeşkian fiquru ortaya çıxır. Pezeşkian şəxsən dürüst və sağlam insan olsa da, korrupsiya və bu kimi oyunlardan uzaq olsa da, bu hakimiyyətin bir parçası olub. Hər zaman rəhbərə bağlı olub. İdeoloji və siyasi baxımından hakimiyyətin çərçivəsində olub”.

Bilgin yeni prezidentin ziddiyyətli bir durumda olduğunu deyir. Onun sözlərinə görə, “Pezeşkian bir tərəfdən xalqın tələblərini açıqcasına dilə gətirib. Məsələn, ən önəmlisi bu ki, İranda olan millətlərin haqlarından danışıb ki, burada bir ayrı-seçkilik vardır, bunların dil məsələsini və iqtisadi baxımdan problemlərini həll etmək lazimdir. Bunları deyib. Qadınların məsələsini deyib. Korrupsiya və rüşvətdən danışıb. Sanksiyalardan qurtulmaq və iqtisadiyyatı mafiyaların əlindən necə çıxarıb və normal bir ölkə olmaqdan danışıb. Bunlar təbii hakimiyyətin siyasətlərinə qarşı olan söyləmlər idi. Amma, o, bunları deyərkən hər zaman Xameneyiyə bağlı olduğunu da deyib ki, o nə desə mən onu edəcəyəm və onun siyasətlərini izləyəcəyəm.”

Mahmud Bilgin Pezeşkianın dönəmində məhdud şəkildə bəzi dəyişikliklərin baş verəcəyini gözlədiyini deyir.
“Təbii ki, dəyişikliklər olacaq. Zatən cənab Pezeşkianı buna görə gətirdilər. Yoxsa necə ki, nəzarət şurası qoymamışdı o parlament seçkilərində namizəd olsun və rəhbərin icazəsi ilə namizəd oldu, yenə də namizədliyini təsdiq etməzdilər. Çünki, parlamenti belə ona çox görmüşdülər. Bu dəfə də onu qoymazdılar gəlsin. Amma yuxarıdan dəyişikliklərə icazə verildi və təbii ki bu dəyişiklikləri İbrahim Rəisi həyata keçirə bilməzdi. Rəisi gəlib deyə bilməzdi ki, millətlərə iqtisadi baxımdan, dil və kültür baxımından müəyyən haqlar verilsin, və ya qadın məsələsi ya sanksiyalar məsələsi haqqında bir şey deyə bilməzdi. Bunlar üçün yeni bir ünsür lazim idi” - deyə, siyasi fəal əlavə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.