Ələsgər Məmmədli təcridxanadan yazır: “Öz qazdıqları çuxura…”

23-07-2024, 07:24           
Ələsgər Məmmədli təcridxanadan yazır: “Öz qazdıqları çuxura…”
22 iyul Azərbaycanda Milli mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.

Hazırda həbsdə olan “Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli 1 saylı Bakı İstintaq Təcridxanasından mətbuat günü ilə bağlı ictimaiyyətə məktub göndərib.

“149 il öncə böyük maarifçi, dəyərli mütəfəkkir, jurnalistikamızın banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini insanlığa bəxş etməklə toplumunun qaranlıqdan çıxışına ilk işığı yandırıb. Bu gün geri baxdığımızda xeyli yol qət etmişik. Lakin hələ də sivil dünyanın çatdığı hədəflərdən çox uzağıq. Gediləsi uzun və keşməkeşli yolumuz qarşıdadır. Müstəqil medianın, azad jurnalistikanın, tənqidi düşüncənin və fikirlərin süngü ilə qarşılandığı hazırkı ortamda Zərdabi yolunda gedənlərin aqibəti getdikcə ağırlaşır”, – deyə Məmmədli məktubunda qeyd edir.

Ələsgər Məmmədlinin sözlərinə görə, son illər 149 illiyini qeyd edən mətbuat tamamilə hökumətdən ələbaxımlı və asılı hala salınıb: “Öz ayağı üzərində dayanmaq və ictimai nəzarət funksiyasını icra etmək imkanını itirib. İldə bir-iki dəfə hökumətin verəcəyi cüzi vəsaitlə öz biznes planını, inkişafını, idarəetmə imkanlarını normal və sabit tənzimləyə bilmir. Hökumətin yanlış media siyasəti nəticəsində ölkə gündəmi ənənəvi mediada peşəkarcasına deyil, daha çox sosial şəbəkələrdə qeyri-peşəkar səviyyədə müzakirə olunur və yönləndirilir. Ölkədəki ictimai rəyi formalaşdırmaqda internet mediası və sosial şəbəkələr ənənəvi medianı xeyli üstələyib”.

Media eksperti bildirir ki, Azərbaycan həm öz Konstitusiyası, həm də qoşulduğu beynəlxalq insan hüquqları konvensiyası ilə birmənalı olaraq media, ifadə azadlıqlarının toxunulmaz olduğunu, eyni zamanda, məhdudlaşdırılmayacağını qəbul etsə də, əməldə bunun əksini edir.

“Heç bir legitim səbəb olmadan, hüquqi baxımdan əsaslandırmağa cəhd etmədən azad mətbuata kobud müdaxilələr davam edir. Jurnalistin işi tənqid etmək, yanlışları göstərməkdir. Jurnalist, sadəcə, tərif deyəndə jurnalist olmur, əksinə, toplumu məlumatlandıranda, dövlətin və idarəetmə strukturlarının fəaliyyətinə nəzarət həyata keçirəndə jurnalist olur. Hazırda toplumu maarifləndirmək, ictimai nəzarət həyata keçirmək kimlərisə narahat etdiyinə görə azad media əsasən sıradan çıxarılıb”, – Məmmədli vurğulayır.

O, qaçaqmalçılıq, qanunsuz ev tikmək, polisi söymək kimi “gülünc iddialarla” jurnalistin fəaliyyətini dayandırmağın doğru yanaşma olmadığını qeyd edir: “Bu ittihamlar heç kimə, hətta bunu irəli sürənlərə də inandırıcı gəlmir. Cəmiyyətdə kimsəni buna inandırmaq heç mümkün deyil. Təəssüf edirəm ki, toplumun fəal və vicdanlı kəsiminin bu neqativ yanaşmaları durdurmaq gücü olmadığından bəzi gerilikçi qüvvələr əllərindəki səlahiyyətdən sui-istifadə edirlər. Azad medianın susdurulmasının fiziki əzabını, ağır zərbəsini bu gün məhbəslərdə olan gənc övladlarımıza insafsızcasına yaşadırlar. Çox istərdim ki, ən qısa müddətdə bu yanlış yoldan geri dönülsün, heç bir günahı olmayan jurnalistlər dərhal azad olunsun. Jurnalistın peşə fəaliyyətinə görə həbs olunması ənənəsinə son qoyulsun”.

Məmmədli məktubunda bildirir ki, ölkədə səlahiyyət sahibləri bu səlahiyyətlərini xüsusi imtiyaza çevirərək, alternativ baxışları rədd etməklə problemin həll olacağını düşünürlər, lakin müxtəlif beynəlxalq platformalarda daim müzakirə və qınaq obyektinə çevrilməkdən xilas ola bilmirlər: “Bu isə öz növbəsində neqativ ölkə imicinə kapital yığmaqdan başqa heç nəyə yaramır”.

Media eksperti məktubun sonunda qələm əhlini, aydınları, sivil toplum mənsublarını və azad sözün məsuliyyətini dərk edən hər kəsi təbrik etdiyini qeyd edib.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub.

Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

İyulun 3-də və 4-də isə “Toplum TV işi” üzrə təqsirləndirilən 7 nəfər barəsində həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
AzToday.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.