Avropa İttifaqının müdafiə nazirləri Ukraynaya vəd edilən silahların çatdırılmasına çağırır

1-09-2024, 10:04           
Avropa İttifaqının müdafiə nazirləri Ukraynaya vəd edilən silahların çatdırılmasına çağırır
Cümə günü Brüsseldə görüşən Avropa İttifaqının müdafiə nazirləri Ukraynanın müttəfiqlərini ölkənin Rusiyaya qarşı müharibəsini dəstəkləmək üçün vəd edilmiş silah sistemlərini çatdırmağa çağırıb. Ukraynanın baş diplomatı isə Britaniya və ABŞ-ı silahlarından Rusiya daxilindəki hədəflərə istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Müdafiə nazirləri yay tətilindən sonra ilk dəfə qeyri-rəsmi görüş keçirib və görüşdən əvvəl jurnalistlərə açıqlama verərək, Ukraynaya hərbi yardımın gündəmdə birinci yerdə olduğunu bildirib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukraynanın Rusiyanın Kursk bölgəsinə son hücumunun düzgün istiqamətdə getdiyini deyib. Lakin o, əlavə edib ki, Ukrayna bunu "bir əli arxada" edir, çünki onun daha çox silah sisteminə ehtiyacı var. O, həmkarlarını vəd edilmiş silah sistemlərini çatdırmağa çağırıb.

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya vəd etdiyi "Patriot" raketdən müdafiə sistemlərini yaxın zamanda çatdıracağını bildirib. O, Rusiyanın bundan xəbərdar olmasını istəmədiyi üçün dəqiq tarix bildirmək istəmədiyini, lakin bunun tezliklə baş verəcəyini deyib.

Müdafiə nazirləri ABŞ istehsalı olan "F-16" doyüş təyyarəsinin qəzaya uğramasını da xatırladıb. Ukrayna Hərbi Hava Qüvvələri cümə axşamı bildirib ki, Ukraynanın Qərb tərəfdaşlarından aldığı "F-16" döyüş təyyarələrindən biri qəzaya uğrayıb.

İsveçin müdafiə naziri Pal Conson deyib ki, bunlar müharibə zamanı baş verən hadisələrdir və "burada dramatik bir şey görmür".

Ukrayna ordusu ABŞ istehsalı qırıcı təyyarənin bazar ertəsi Rusiyanın Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə hücumu zamanı qəzaya uğradığını bildirib. Təyyarə Rusiyanın hava hücumunu dəf edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində pilot ölüb. Bu, iyulun sonunda ölkəyə gəlişindən sonra "F-16"-nın Ukraynada ilk qəzası idi.

Ukrayna Hərbi Hava Qüvvələrinin rəisi Nikolay Oleşuk Telegram sosial media hesabında qəza ilə bağlı ilkin hesabatın ABŞ-la paylaşıldığını və ABŞ tərəfdaşlarının təhqiqata yardım etdiyini bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Avropa İttifaqı müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak edir. O, Avropa İttifaqına üzv dövlətləri hədiyyə edilmiş uzaqmənzilli silahlardan Rusiya daxilindəki "legitim" hədəflərə qarşı istifadəsinə qoyulan məhdudiyyətləri ləğv etmələri üçün Britaniya və ABŞ-a təzyiq göstərməyə çağırdığını bildirib.

Britaniya və ABŞ Rusiya ilə münaqişənin eskalasiyasından ehtiyat edərək, Kyivə hədiyyə etdikləri uzaqmənzilli raketlərdən istifadəyə məhdudiyyətlər qoyub. Bu ilin əvvəlində ABŞ rəsmiləri Moskvanın Xarkiv şəhərinə qarşı hücumuna bilavasitə cavab olaraq, Ukraynanın Rusiya daxilindəki hədəfləri atəşə tutmasına razılıq versələr də, digər məhdudiyyətləri qüvvədə saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.