"Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." - Novella Cəfəroğlu
12-09-2024, 00:12
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verməsi ilə bağlı bəyanatla çıxış edib.
Pravda.az-a daxil olan bəyanatda deyilir:
“Bu gün Müsavat Partiyasına istefamı göndərdim. İsa Qəmbər məktubumu aldı. 100% əminəm ki, istefamı qəbul edəcəklər. Bilirsiniz ki, Müsavat böyük bir partiyadır. Mənim üzümdən bir neçə dəfə belə məsələlər olub. Ayrı mövqedə olan insan deyiləm. Müsavatçıyam, müsavatçı da qalacağam. Bu, babalarımdan gələn hissdir. Naxçıvanda hələ o zamanlar Müsavatın yaranmasında babam Mirzalı bəy Bəktaşinin böyük iştirakı olub. Ailəmiz həmişə Müsavata sadiq qalıb. Bu gün mən Müsavat Partiyasından gedirəm, lakin Müsavatın ideyaları həmişə qəlbimdədir, hamısı mənimlədir. Müsavatda çoxlu dostlarım, qardaşlarım var. Onlarla bir yerdəyəm. Nə vaxt lazımdırsa, həmişə onların yanındayam. Amma bu gün dediyim iki sözdən ötrü Müsavatı tənqid edirlər, onlara təzyiq göstərirlər. Partiyanın güclü olmasını istədim, mənə görə təzyiq altında qalmasını istəmədim. Buna görə də istefa verdim. İstəyirəm ki, Müsavat güclü partiya kimi qalsın. Mən dövlətin yanındayam, dövləti qoruyuram. Mən bu gün milli barışıq istəyirəm. Millətlə birgə, hamımızın birlikdə olmasını istəyirəm. Dörd tərəfdən düşməni olan ölkənin qorunmasını istəyirəm. Azərbaycana xələl gətirməyən məsələlərdə həmişə, axıra qədər dövlətin yanında olacağam. Çox sual verirlər ki, sən YAP-a keçəcəksən? Yox, mənim özüm bir partiyayam. Heç bir partiyaya getmək istəyim yoxdur. Lazım olsa, partiya yarada bilərəm. Bu mənim üçün böyük iş deyil. Çox yaşım olmasına baxmayaraq... Xeyli sayda qadınlar deyirlər ki, partiya yaradaq, sənin yanındayıq. İşləyə bilirəm, sözümü deyə, çatdıra bilirəm. Həm burada, həm də beynəlxalq təşkilatlara. Yanımda güclü dostlarım, tərəfdaşlarım var. Mən heç nədən qorxmuram. İstəyərdim ki, Azərbaycanda iki böyük partiya olsun. Təbii ki, kiçik partiyaların da olması vacibdir. Amma iki güclü partiya olsun ki, rəqabəti də onlar aparsınlar. 30 ildir, Müsavatdakı dostlarımın yanındayam. Çox söz deyə bilərəm, demirəm. Dostlarıma böyük hörmətim var. Onlar da məni dəstəkləyirlər. Zəng edirlər, dəstək üçün yanımda durublar. Buna görə də Müsavata işlərində uğurlar arzulayıram. Bir sözlə, bundan sonra Müsavatda olmasam da, Müsavatın da yanındayam. Mən çox sərbəst insanam. Dövlətimi isə dəlicəsinə sevirəm. Bütün partiyalardan da, hər şeydən də başda dövlətimi sevirəm. Dövlətin uğrunda da mübarizəmi aparacağam. Nə söz lazımdırsa, deyəcəyəm. “Demokratik” demək lazımdırsa, deyəcəyəm. Çünki mən dövləti qoruyuram. Məni vurmurlar ki, Müsavatı vururlar. Məni hədəf kimi götürüblər. Baş verənlər Müsavata qarşıdır, mənə yox. Bunu hamınız gözəl bilirsiniz. Deyirlər ki, İsa Qəmbər Novella Cəfəroğlunun dostudur, amma o, partiya rəhbərliyinə qayıtdıqdan sonra Novella Cəfəroğluya basqı etdilər. Yalan sözdür. İsa Qəmbər də, Arif Hacılı da mənim dostumdur, yaxın qardaşlarımdır. Heç vaxt onlardan imtina etməmişəm, etmərəm də. Dostlarından imtina edəcək insan deyiləm. Yüz adam yüz söz deyir. Bu, sadəcə, mənim əlimlə Müsavatı vurmaqdır. Mən isə Müsavatın mənim əlimlə vurulmasını istəmirəm. İstefa məktubumdan sonra İsa bəylə danışmışam. Dedi ki, bizim üçün çətin olsa da, istefanı qəbul edəcəyik. Yenə deyirəm, Müsavatdan ötrü istefa vermişəm ki, partiyaya söz gəlməsin. Dövlət naminə hər şeydən imtina edə bilərəm. Təki dövlətim, millətim bir olsun. Millətim bir-biri ilə savaş etməsin. Bir-biri ilə danışmağa dil tapsın. Nifaq olmasın. Həm hökumətdən, həm siyasi partiyalardan da bu addımı gözləyirəm. Bir-biriləri ilə dostluq etsinlər. Bir-birinizi başa düşün. Sentyabrın 1-də keçirilən seçkilərlə bağlı hansı dairələrdə narazılıqlar, pozuntular ortaya çıxıbsa, mübahisələndirəcəyik. Sözsüz ki, təkcə Müsavatda yox, bütün partiyalarda olan haqsızlıqları müdafiə edəcəyəm. Parlamentdə oturmaqdansa, dövləti qorumaq mənim üçün hər şeydən vacibdir. Dövlət üçün nə lazımdırsa, həmişə edəcəyəm! Hər şeyə görə çox sağolun, hamınıza minnətdaram”.