İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı
Bu gün, 00:01
“ABŞ-dakı seçki kampaniyası dövründə İranın Donald Trampa sui-qəsd etməyəcəyinə dair yazılı təminat verməsi ciddi hadisə idi”.
Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Tehranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa seçki dövründə sui-qəsd etməyəcəyinə dair zəmanət verməsi xəbərləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu, bir daha rəsmi Tehranın xarici ölkələrin daxili işlərinə qarışmaq, hətta sui-qəsdlər təşkil etmək gücünü göstərir:
“İranın bir çox ölkədə sui-qəsdlər həyata keçirmək imkanı var. Lakin bunlar daha çox Yaxın Şərq ölkələri, ya da daha zəif daxili təhlükəsizliyə malik dövlətlərə aiddir. ABŞ-da sui-qəsd təşkil etmək isə çox çətidir.
İranın Birləşmiş Ştatlarda güclü lobbisi var. Onlar 40 ildən çoxdur həm də kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Bunu ABŞ tərəfi də bilir və həmin şəxsləri davamlı olaraq təqib edir. Yəni Tehranın burada sui-qəsd təşkil etməsi asan olmasa da, nəzəri baxımdan reallığa əsaslanır”.
Politoloq qeyd edib ki, hazırkı dövrdə heç bir ölkənin xüsusi xidmət orqanları təhlükəsizliyi tam qoruya bilmir:
“Dövlətlərin heç biri terrordan tam şəkildə qoruna bilməz. ABŞ da onların sırasındadır. Nəzərə alsaq ki, bu ölkədə 11 sentyabr kimi bir olay olub, demək, risk hər zaman var. Amma bu riskin haradan gəldiyi bəlli olduğu üçün Ağ Ev qabaqlayıcı tədbirlər görür”.
Qeyd edək ki, İranın oktyabrın ortalarında İsveçrə diplomatları vasitəsilə Donald Trampa onu öldürməyə çalışmayacağına dair məktub göndərdiyi iddia edilir. Bundan bir müddət əvvəl isə ABŞ-da Trampa qarşı sui-qəsd planlamaqda ittiham edilərək saxlanılan şəxsin İranın əmri ilə bunu etdiyi açıqlanıb.