İran Əsədə sığınacaq verərsə Suriyadakı rejim də Əsədin mühakimə olunması məqsədilə onu Tehrandan tələb edəcək
9-12-2024, 10:14
İran şahı 1979-cu ildə ölkədən qaçanda heç bir ölkə, o cümlədən ağası Amerika Birləşmiş Ştatları ona bir müddət sığınacaq vermək istəmirdi. Şahın təyyarəsi az qala enməyə hava limanı tapmırdı, onu qəbul etmək istəmirdilər. Vəziyyəti mürəkkəbləşdirən şahın xərçəng xəstəliyinin ağırlaşması idi, ona təcili tibbi yardım lazım idi. Vaşinqton şaha ona görə sığınacaq vermək istəmirdi ki, İrandakı yeni rejimi qıcıqlandırmaq istəmirdi. Şah müvəqqəti Misirdə qərar tutdu, orada da öldü. Şah ölməmişdən əvvəl ona qısa müddətə ABŞ-da müalicə almasına icazə verildi. Vaşinqton İrandakı yeni rejimlə dil tapmayacağını anladıqdan sonra şahın ailəsinə ABŞ-a köçməyə icazə verdi. Bu mənada Bəşər Əsəd üçün də sığınacaq tapmaq asan olmayacaq. Sığınacaq yeri kimi Əsədin müttəfiqləri Rusiya və İranın adı çəkilir. Moskva Əsədə sığınacaq versə, Suriyadakı iki hərbi bazasını qorumaq çətin olacaq. Çünki, Suriyadakı yeni rejim Əsədi geri istəyəcək, Rusiya isə bu ölkədəki hərbi bazaların fəaliyyətini davam etdirmək istəyir. Tehran üçün də çətindir. İrandakı rejim vaxtilə zalım şahı ABŞ və Misirdən geri qaytarmağı tələb edir, onun mühakimə olunmasını istəyirdi. İndi əgər Əsəd İranda sığınacaq tapacaqsa, eyni ilə Suriyadakı rejim də Əsədin mühakimə olunması məqsədilə onu Tehrandan tələb edəcək. Elxan Şahinoğlu TEREF