Keçmiş diplomat məhkəməyə ifadə verməkdən imtina edib
Bu gün, 15:34
![Keçmiş diplomat məhkəməyə ifadə verməkdən imtina edib](/uploads/posts/2025-02/1739378361_1.jpg)
Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar İbrahimovun sədrliyi ilə keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkmə prosesi məhkəmə istintaqı ilə davam etdirilib.
Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Emin İbrahimov məhkəməyə ifadə verməkdən imtina edib.
“Mən saxta ittiham, səhnələşdirlmiş ittihamla bağlı nə ifadə verim. Bu ittiham iftiradır, yalandır, qabaqcadan səhnələşdirilib”, vəkil keçmiş diplomatın məhkəmədə dediklərinə istinadən qeyd edib.
Bundan sonra zərəçəkmiş məhkməyə ifadə verib.
Zərərçəkən Kamal Şükürov bildirib ki, hadisə təhqir səbəbindən baş verib.
Bu zaman təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var.
Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub. Məlum olub ki, Kamal Şükürovun ifadəsi Nizami Rayon Polis İdarəsində alınıb. Lakin özü palatada ifadə verdiyini bildirib. Əlavə olaraq bildirib ki, zərərçəkən polisə zəng edib, amma ittihama görə polis əməkdaşları ona yaxınlaşıb. Məhkəməyə sədrlik edən hakim bu nüansların sənədlərin tədqiqi mərhələsində araşdırılacağı bildirilib.
Növbət məhkəmə iclası martın 12-nə təyin edilib.
2024-cü il iyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçib.
Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
İbrahimov Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.
Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.