İsrail-Azərbaycan münasibətlərində yeni vəziyyət: - Nələr olacaq, bilinmir…
Bu gün, 00:03

Azərbaycanla İsrail 30 illik münasibətlərini üst səviyyəyə qədər irəlilədiblər. Hər iki ölkə özlərini etibarlı tərəfdaş kimi sübut ediblər. Azərbaycan- İsrail əlaqələrinin dərinləşməsi bir çox ölkəni narahat etdiyi kimi diqqətini də çəkir. Bu ölkələrdən biri, bəlkə də ən önəmlisi ABŞ-dır.
Ekspertlər deyir ki, ABŞ Bakı-Təl-Əviv münasibətlərindən regional maraqları üçün istifadə etmək istəyir.
Azərbaycan-İsrail münasibətləri niyə Donald Tramp administrasiyasının diqqətindədir? Vaşinqtonun bundan sonra Bakı ilə münasibətləri necə olacaq? ABŞ üçün Azərbaycanın önəmi nədir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, hazırkı konyukturada Azərbaycanın Vaşinqton üçün önəmi hələlik bəlli deyil:
“Ermənistan-Azərbaycan sülh danışıqlarında irəliləyiş olarsa şübhəsiz ABŞ üçün Azərbaycanın önəmi artacaq. Hazırda ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarını yaxından izləyir. Vaşinqton sülhün əldə edilməsində pay sahibi olmaq istəyir. Buna görə də gedişatdan asılı olaraq Azərbaycan ilə təmasları artıra bilər.
Hazırda sülh müqaviləsinin hansı ölkədə, ya da şəhərdə imzalanacağı müzakirə edilir. Məlum olduğu kimi, əksər sülh müqavilələri ABŞ-da, ya da Qərbdə imzalanır. ABŞ İrəvan və Bakı arasında sülhün öz nəzarətində, istədiyi ərazidə imzalanmasına çalışacaq. Buna görə də deyə bilərik ki, yaxın perspektivdə ABŞ üçün Azərbaycanın önəmi arta bilər”.
Politoloq deyib ki, Azərbaycanın İsrailin hazırkı siyasi rəhbərliyi ilə çox yaxşı əlaqələri var:
“Azərbaycan bu əlaqələrdən geniş şəkildə istifadə edir. Təbii ki, iki ölkə münasibətlərinin bu qədər yaxşı olması ABŞ üçün də məqbuldur. Nəticə etibarilə Azərbaycan nadir müsəlman ölkədir ki, İsraillə bu dənli əlaqəyə malikdir. Regionda reallıqlar surətlə dəyişir. Gələcəkdə istər Cənubi Qafqaz, istərsə də Yaxın Şərqdə nələrin olacağı bəlli deyil. Amma Vaşinqton maraqları çərçivəsində Bakının coğrafi və regional üstünlüyündən faydalanmaq istəyə bilər”.