Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın baş naziri Nikol Paşinyan üçün risqlidir.

Bu gün, 07:24           
Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın baş naziri Nikol Paşinyan üçün risqlidir.
Ona qarşı 3 qüvvə - radikal müxalifət, kilsə və bir qrup işadamı birləşib. Bu 3 qüvvənin arxasında Kreml dayanır. Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışacaq. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər 3 qüvvəyə qarşı radikal addımlar atır, parlamentdə daha çox bağıran müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və işadamlarını həbs edir. Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. Rusiyanın Ermənistandakı hərbi bazasının Kremldən alınan təlimat əsasında Paşinyan əleyhinə hərəkətə keçəcəyini istisna etmək olmaz.
Bu vəziyyətdə Paşinyanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından, sülh sazişinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından, regional əməkdaşlığa yaşıl işıq yandırmasından keçir. Açıq demək lazımdır ki, Nikol Paşinyanın devrilməsi və ya gələnilki parlament seçkisində mümkün məğlubiyyəti Azərbaycanla Türkiyənin maraqlarına cavab vermir. Digər tərəfdən Kreml Paşinyanı sıxışdırmaqla paralel olaraq Bakı ilə də münasibətləri korlayıb. Bunun özü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının aktuallığını artırıb. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşü sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, prosesi sürətləndirə bilər.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.