Atəşkəs limiti: onu vasitəçilər yox, Bakı müəyyən edir

3-07-2017, 10:11           
Atəşkəs limiti: onu vasitəçilər yox, Bakı müəyyən edir
“Ən pis sülh müharibədən yaxşıdır” deyimi sınaqla üz-üzə; separatçı rejim daha bir qanunsuz “seçkiyə” hazırlaşır - kövrək sülhə növbəti təhdid...

Dağlıq Qarabağ danışıqlarında durğunluğun nə qədər sürəcəyi hələ ki bəlli deyil. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə ötən ay etdikləri səfər də nizamlama prosesində müsbət dəyişikliyə gətirmədi. Vasitəçilər növbəti dəfə münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə çağıran bəyanat yaymaqla işlərini bitmiş hesab etdilər.

Sülh danışıqları faktiki, dondurulmuş vəziyyətdə ikən əlbəttə ki, atəşkəsi saxlamaq qat-qat çətindir. Çünki dəfələrlə vurğuladığımız kimi, istənilən sülhün alternativi müharibədir.


***


Bu arada Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında iyulun 11-də görüş keçirilməsinin mümkünlüyü haqda Ermənistan XİN başçısına istinadla xəbər yayılıb. Xatırladaq ki, iki ölkənin XİN başçıları sonuncu dəfə aprelin 29-da Moskvada, Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə bir araya gəlmişdilər. Lakin o vaxt da görüş nəticəsiz başa çatmışdı. Çünki tərəflərin mövqeyi bir-birinə diametral zidd olaraq qalır.
“Nazirlərin bu görüşündən də biz çox ciddi nəticələr gözləyə bilmərik. Çünki görüşdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi üçün hər hansı həll düsturu tapmaq deyil”. Bu sözləri Axra.az-a açıqlamasında politoloq İlqar Vəlizadə iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi mərasimi çərçivəsində təşkil ediləcək Azərbaycan xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Eduard Nalbəndyanın görüşünü şərh edərkən bildirib.


Politoloq görüşün ATƏT çərçivəsində təşkil ediləcəyini vurğulayıb: “Bu görüş ATƏT çərçivəsində keçiriləcək, əsas təşəbbüskarı da ATƏT-ə cari sədrlik edən Avstriyadır. Avstriya xarici işlər naziri təşkilat çərçivəsində münaqişəli ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşü Avstriya tərəfinin münaqişə ilə yaxından tanışlığına xidmət edir. Onu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan proseslərə aid etmək düzgün deyil. Avstriyanın münaqişə ilə yaxından tanışlığı məqsədi daşıyan görüş həm də bu ölkənin konfliktə münasibətinin formalaşmasına xidmət edəcək. Nəticədə danışıqların daha məhsuldar olması üçün ATƏT-in hansı istiqamətlərdə addımlar ata biləcəyi müəyyənləşəcək”.


***


Belə görünür ki, artıq bir ildən çoxdur reallaşmayan prezidentlərin görüşünü daha bir dəfə təşkil eləmək asan olmayacaq. Bunun da əsas səbəbi aparıcı vasitəçi dövlətlər olan Rusiya və ABŞ arasında məsələ ilə bağlı yekdilliyin olmaması, əksinə, iki ölkə arasında münasibətlərin son vaxtlar daha da gərginləşməsi, nəticə etibarilə də işğalçı Ermənistanın özünü daha arxayın və cəzasız hiss eləməsidir.


Yaranmış vəziyyətdə təbii ki, münaqişə zonasında yeni müharibə riski armaqdadır. Bu haqda neçə vaxtdır yerli və xarici siyasi və hərbi ekspertlər, “beyin mərkəzləri” xəbərdarlıqlar etməkdə, SOS siqmalı verməkdədirlər. Bir şey dəqiqdir ki, ərazisini 20 faizi işğal altında olan Azərbaycan yeni partiya silahları və döyüş sistemlərini heç də vitrinə qoymaq üçün almır. Həmçinin, təkbaşına və qardaş Türkiyə ilə birgə maksimum döyüş şəraitinə yaxınlaşdırılmış hərbi təlimləri də boşuna keçirmir, yeni hərbi zavodları boşuna açmır.


Bunu əlbəttə ki, bizim əsas silah tədarükçülərimizdən biri kimi Rusiya da yaxşı bilir. Kreml onu da yaxşı bilir ki, onun satellit Ermənistanın arxasından çəkilməsi yetər ki, Bakı konflikti qısa zamanda, hərbi güc yolu ilə öz xeyrinə çözsün. Təəssüflər olsun ki, Rusiya nə problemin dinc vasitələrlə həllinə ciddi təşəbbüs göstərir, nə də işğalçı ölkənin layiqli cəza almasına imkan verir. Bu da belə bir qənaəti möhkəmlədir ki, Moskva ümumiyyətlə, Dağlıq Qarabağ konfliktinin hər hansı şəkildə həllində maraqlı deyil.


Qərb vasitəçilərinə - ABŞ və Fransaya gəlincə isə, onlar da obyektiv səbəblərdən diplomatik təşəbbüskarlığa həvəsli görünmürlər. Ola bilsin, həm daha vacib və böhranlı məsələlərə cəlb olunduqları, həm də Rusiya qədər Qarabağ konfliktinin həllinə təsir imkanları olmadığı üçün təşəbbüs göstərmirlər.


Konkret olaraq ABŞ-a gəlincə, əksər siyasi müşahidəçilər hesab edir ki, ümumiyyətlə, Donald Tramp prezident seçiləndən sonra ABŞ-ın yeni xarici siyasət konsepsiyası bu günədək işlənib hazırlanmayıb və dəqiq deyil. O cümlədən rəsmi Vaşinqtonun Güney Qafqaza yönəlik strategiyası naməlum olduğundan Amerikanın Qarabağla bağlı yanaşması da hələ dəqiqləşməyib.


***


Bütün bunlar əlbəttə ki, Qarabağ danışıqlarını daha da qəlizə salan faktorlardır. Tez-tez deyirlər ki, ən pis danışıqlar belə müharibədən yaxşıdır. Bəlkə də. Amma və lakin Qarabağ danışıqlarında vəziyyət indi pisdən də betərdir. İkinci yandan, davamlı nəticəsizlik özü də sonsuz sürə bilməz və gec-tez partlayışa gətirəcək. Bunu proseslərin məntiqi diktə edir.
Ən önəmlisi, istər vasitəçi güclər olsun, istərsə də işğalçı Ermənistan, hamı ciddiyə almalıdır ki, Azərbaycan sonsuzadək işğal rejiminə dözmək niyyətində deyil. Və atəşkəsə dözüm limitini də indi nə Ermənistan müəyyən edir, nə də həmsədr dövlətlər. Onu torpaqlarının 1/5-i işğal altında olan Azərbaycan müəyyənləşdirir. Azərbaycan prezidenti İlham Əliyev bu xüsusda ötən ay Şirvan şəhərində hərbi zavodun açılışı zamanı bir dağa bəyan edib ki, Qarabağda müharibənin yalnız birinci mərhələsi bitib.


Bu, o deməkdir ki, düşmən tərəfinin arxayınçılığına heç bir əsas yoxdur. Hələliksə, separatçı rejim nisbi sakitlikdən istifadə edib “legitimlik oyun”unu davam etdirir. Belə ki, son məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır (Report).
Bununla bağlı işğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlüyündə qondarma rejiminin “parlament”i yeni “prezident” seçəcək. Onun sözlərinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə qondarma rejiminin “yeni konstitusiyası”na görə separatçılar yeni rəhbər və “parlament” seçəcək.


Xatırladaq ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir “seçki”nin nəticələrini tanımır. Di gəl, “miatsum” arzusu ilə yaçamaqdan bezməyən erməni tərəfi hələ də Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin qurulacağına nəyəsə ümid edir.


Belə bir şey heç vaxt olmayacaq. Bunu gözləyənlər, Azərbaycan prezidentinin dediyi kimi, boşuna gözləyirlər. Necə ki, 29 illik münaqişə tarixində belə şey olmayıb. Ötən az qala, 3 on illik zaman kəsiyi gərək ki, ermənilərə çox şey deməli idi.


Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.