Qətər böhranı ərəblərin “Qordi düyünü”nə çevrilib

4-07-2017, 10:35           
Qətər böhranı ərəblərin “Qordi düyünü”nə çevrilib
Şahin Cəfərli: “Telekanalın bağlanması hazırda Qətər əmirliyinin ”ram edilməsi" siyasətinin mühüm tərkib hissəsidir"

Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz ölkələrinin Qətərə təqdim etdiyi 13 bəndlik tələblərin arasında “Əl-Cəzirə” kanalının bağlanması da var.


Qətər hökuməti isə bu tələbləri qəbul etməkdən qəti imtina edib. Bu tələbləri yerinə yetirmək üçün Qətərə verilmiş vaxt iyulun 3-də başa çatıb. Tələblərə əsasən Qətər terrorçuluğun maliyyələşdirilməsini dayandırılmalı, İranla əlaqələri kəsməli, “Əl-Cəzirə” kanalını bağlamalı və digər şərtləri yerinə yetirməlidir.


Burada maraq doğuran məqamlardan biri də dünyanın ən iri telekanallarından olan “Əl-Cəzirə”nin bu münaqişədə önəmli yer tutmasıdır. Ərəb dünyasının ən böyük media qurumuna qarşı bu münasibətin səbəbi nədir? Bu söz və mətbuat azadlığının pozulmasıdırmı?


“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Şahin Cəfərli bildirdi ki, “Əl-Cəzirə”nin Səudiyyə Ərəbistanının qəzəbinə tuş gəlməsi ilk dəfə deyil: “Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətərə ünvanladıqları 13 maddəlik tələbin arasında ”Əl-Cəzirə"nin bağlanması da var. 1996-cı ildə qurulan bu telekanal ərəb dünyası və Yaxın Şərq üçün inqilabi yenilik idi. Qərb standartlarında fəaliyyət göstərən, xəbəri ilk qaynağından alan, hadisə yerlərindən canlı yayım verən telekanal qısa müddətdə populyarlıq və güc qazanaraq transmilli media quruluşuna çevrilə bildi. Hazırda 60-dən çox ölkədə nümayəndəlikləri olan “Əl-Cəzirə”nin qonşu Səudiyyə monarxiyasının qəzəbinə tuş gəlməsi ilk dəfə baş vermir. 1999-cu ilin iyununda o zaman dünyanın 1 saylı terrorçusu adlandırılan Üsamə bin Ladenin müsahibəsinin yayımlanması gərginliyə səbəb olmuşdu. Bin Laden həmin müsahibəsində birbaşa Səudiyyə rejimini hədəf alaraq onları hədələmiş və öz tərəfdarlarını cihada çağırmışdı. Elə o vaxtdan Ər-Riyad bu telekanalın bağlanması və ya yayım siyasətinin dəyişməsi üçün cəhd göstərməyə başlayıb. “Əl-Cəzirə”nin 2011-ci ildə bölgədə başlayan “Ərəb baharı” proseslərini geniş işıqlandırması da monarxiya rejimlərini narahat etməyə bilməzdi".


Politoloq onu vurğuladı ki, ərəb ölkələri ilə Qətər arasında “Əl-Cəzirə”nin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib: “Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı və onun ətrafındakı koalisiya ilə Qətər arasında 2014-cü ildə baş vermiş gərginlik zamanı da ”Əl-Cəzirə"nin məsələsi gündəmə gəlmişdi. Onlar Qətərdən telekanalın redaksiya siyasətini dəyişdirməyi tələb etmişdilər.


“Əl-Cəzirə”nin bölgə xalqlarına geniş və nisbətən obyektiv informasiyalar təqdim edərək rəsmi informativ fonu dağıtması bölgədəki rejimlər üçün təhdid mənbəyidir. Onlar telekanalı zərərli və radikal ideologiyaları, terror təşkilatlarını təbliğ etməkdə ittiham edirlər. Bu ittihamın səbəbi budur ki, telekanal “Müsəlman qardaşlar” və bu platformadakı siyasi qüvvələrə (məsələn, HAMAS), eləcə də İran rəsmilərinə də efir vaxtı ayırır".


Ş.Cəfərlinin sözlərinə görə, “Əl-Cəzirə” şübhəsiz ki, Qətər əmirliyinin maraqlarına xidmət edir və onun ruporudur: “Bu şəbəkə məhz əmirlik tərəfindən maliyyələşdirilir və əmirliyin dəstəyi ilə qlobal miqyasda şəbəkələşib. Bu səbəblə, telekanalın bağlanması hazırda Qətər əmirliyinin ”ram edilməsi" siyasətinin mühüm tərkib hissəsidir".


Məlumat üçün qeyd edək ki, “Əl-Cəzirə” (Al Jazeera) sözü ərəbcədə “ada” mənasını verir. Bu, mərkəzi Qətərdə olan TV kanalıdır. “Əl -Cəzirə” ilk olaraq yalnız ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlib. Kanal etdiyi yayımlarla və xüsusilə “Əl-Qaidə” lideri Usamə bin Ladenin videogörüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-ın Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdi. "Əl-Cəzirə" ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu".


“Əl- Cəzirə” ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılıb. “Əl-Cəzirə”nin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirdi. “Əl- Cəzirə” yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, "Əl-Cəzirə"nin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı. Kanal Səudiyyə Ərəbistanı, Qətər-Livan-Suriya əlaqələri də daxil olmaqla, bu ölkələrə bağlı mübahisəli fikirləri ekrana daşıdı. “Əl-Cəzirə” Orta Şərqdə siyasi mənada müstəqil olan tək kanaldır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.