Putinin milyardları və Trampın prezident seçilməsinin bir biri ilə nə əlaqəsi? ARAŞDIRMA

22-07-2017, 09:30           

Putinin ABŞ-dakı seçkidə namizədlərdən biri ilə yaxınlaşmaqda, ona kömək eləməkdə nə marağı ola bilərdi? Bu suala Bil Brauderin (William Browder) cavabı çox maraqlıdır. Onun CNN-ə dediyinə görə, Maqnitski aktı gec-tez Putinin xaricdəki pullarının dondurulması ilə nəticələnəcəkdi. Həmin pulları nə cürsə qorumaq lazım idi. Bu pullar nə qədər olsa yaxşıdır? Brauderin dediyinə görə, Putinin 300 milyard dollara yaxın pulu var və bunun çoxunu Qərb banklarında saxlayır. Putinin varidatı haqda bundan qabaqkı iddialarda ən çox 200 milyard rəqəmi səslənirdi. Putin iddiaları qəbul eləmir. İddiaçıların rəqəmləri isə fərqlidir. Rusiyalı siyasi təhlilçi Stanislav Belkovskinin “Di Welt” qəzetinə dediyiə görə, onun 40 milyard dollarlıq sərvəti var. ABŞ Xəzinədarlığının bəyanatına görə, Putin “Gunvor Group”da da paya sahibdir. Nə qədəri bildirilmir, “Gunvor”un xalis gəliri 2014-cü ildə 94 milyard dollar olmuşdu. Keçmiş baş nazir Boris Nemtsov isə Putinin sərvətinin 400 milyard funt sterlinqə bərabər olduğunu demişdi.

teref.az abzas.net-ə istinadən yazır ki, Rövşən Əliyevin fikrincə, Brauder təsadüfi adam olsaydı, media deyilənlərin üstündən keçə bilərdi və buna irad tutmaq yersiz olardı. Ancaq Brauderin zəngin Rusiya təcrübəsi var. Babasının Amerika kommunistlərinin lideri olmasını demirəm. Onun başçılıq elədiyi “Hermitage Capital Management” bir neçə il qabaq Rusiyada ən böyük sərmayə portfelinə sahib xarici fond idi. 1996-cı ildə özəlləşmə zamanı 25 milyon dollarlıq sərmayə ilə Ruisyada işə başlayan Brauder fəaliyyətinin pik dövründə ildə 150-200 milyon dollaracan pul qazanır. “Qazprom”da, neft şirkətlərində, banklarda payı olur.

2006-ci ildən Rusiya hökuməti onun investisiya fonduna qarşı vergidən yayınma ittihamı ilə reydlərə başlayır. Brauder “milli maraqlara təhlükə” sayılır. Onun Rusiyaya yolu bağlanır. Fondun vəkili Sergey Maqnitski həbsə atılır. Bir ilə yaxın saxlanma kamerasında qalan Maqnitski məhkəməsini görə bilmir, 2009-cu ildə ölür. Bu, 2012-ci ildə ABŞ-da Maqnitski Aktının meydana çıxmasına səbəb olur. Həmin akt Maqnitskinin ölümündə birbaşa və dolayısı ilə əli olan dövlət adamlarına qarşı sanksiyaları nəzərdə tutur. Brauderin CNN-ə dediyinə görə, işlər bu aktın bir gün birbaşa Putinə qarşı yönəlməsinə aparırdı. Maqnitskinin ölümünə görə Birləşmiş Ştatların bir qisas tədbiri də rusiyalı uşaqların övladlığa götürülməsinin dayandırılması idi.

Kiçik Donald Tramp ağzından qaçırmışdı ki, vəkil Veselnitskaya ilə görüşdə rusiyalı uşaqların övladlığa götürülməsi müzakirə olunub. Bir sözlə, Maqnitski aktının birbaşa Putinə yönəlməsinin qarşısını almaq üçün onun Trampla sövdələşməyə getmək istəməsi barədə Brauderin versiyası ağlabatan görsənir.

Azərbaycanın xəbər mediasında bu cür maraqlı və əhəmiyyətli mövzunun işıqlandırılmaması qəribədir.

Xəbər mediasının işi dünyada baş verən əsas hadisələri auditoriyaya çatdırmaq, işin mahiyyətini və ağlabatan versiyaları ortaya qoymaqdır. Ötən həftə ölkənin ən geniş auditoriyalı saytlarının ana səhifələrinə göz gəzdirdim. Bu manşet medianın nəyi qoyub nədən danışmasını gözəl ifadə edirdi: “Bizi Allah yaratdı, yoxsa meymundan yarandıq? – Yeni müzakirə”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.