Britaniya ilə iqtidar arasında gərginlik pik həddə

4-09-2015, 10:31           
İngilis şirkətləri Azərbaycana ən çox investisiya yatırdığı halda niyə münasibətlər bu qədər gərgindir?
Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında növbəti qalmaqal yaşanıb. Jurnalist Xədicə İsmayılova barəsində məhkəmə hökmünü tənqid edən Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqtonun bəyanatı sərt etiraza səbəb olub. Xarici İşlər Nazirliyinin cavab bəyanatından sonra Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov britaniyalı naziri sərt tənqid edib.
Britaniya ilə iqtidar arasında gərginlik pik həddə
N.Məmmədov rəsmi mediaya müsahibəsində David Lidinqtonu Azərbaycana qarşı qərəzlilikdə, “Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarmaq”da ittiham edib.

Sitat: “Lakin David Lidinqtonun özü isə beynəlxalq hüquq və öhdəliklər barədə susmağı üstün tutur. Ona sual ola bilər ki, qanunun aliliyindən danışanların özlərinin bir beynəlxalq öhdəliyi varmı? Nə üçün Birləşmiş Krallığın adından, fürsət düşən kimi, Azərbaycanla bağlı subyektiv bəyanatlar verir və mövqe bildirir, lakin beynəlxalq hüququ bu illər ərzində heç olmasa bir dəfə yada salıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qaçqınlarla bağlı mövqe bildirmir”.

N.Məmmədov Avropanın özündə insan haqları ilə bağı ciddi problemlərin olduğunu sadalayıb, qitə üzrə mediaya təzyiq faktlarını qeyd edib: “Araşdırmalar göstərir ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Görün, bunlarla bağlı cənab Lidinqton bir dəfə bəyanat veribmi?”. PA rəsmisi əlavə edib ki, bütün bunlar Azərbaycana qarşı qərəzli və məkrli niyyətlərin göstəricisindən başqa bir şey deyil. “Bir də onu bildirmək yerinə düşər ki, Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur” deyə, N.Məmmədov qeyd edib.

Qeyd edək ki, bu hadisə yeganə deyil. Bu ilin iyun ayında Britaniyanın Bakıdakı səfiri İrfan Siddiqin ingilis jurnalistlərin Azərbaycanda akkreditasiya edilməməsini tənqid etməsinə sərt qarşılıq vermiş, səfiri Azərbaycanla bağlı istədiyini danışmaqda günahlandırmışdı: “Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf...”

Təbii ki, son illərdə Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinin həbsləri Qərb ölkələrində tənqidlərə səbəb olub. Azərbaycana qarşı sanksiya çağırışları, sərt çıxışlar səsləndirilib. Xüsusən də bu hadisələr ABŞ-da ciddi reaksiya doğurur. Lakin Britaniyanın bu prosesə cəlb olunması müəyyən mənada yeni və gözlənilməz hadisə sayılır. Çünki Azərbaycan hökuməti ilə Britaniya arasında müstəqilliyin ilk illərindən geniş iqtisadi əməkdaşlıq mövcuddur. Britaniyanın iri şirkətləri xüsusən də neft-qaz sektoruna böyük yatırıb qoyub, bp şirkəti “Əsrin müqaviləsi” layihəsinin aparıcı şirkəti kimi çıxış edib. Məhz iqtisadi əməkdaşlıq sonradan Bakı ilə London arasında siyasi münasibətlərə də təsir edib. Azərbaycan hakimiyyəti ilə Britaniyanın siyasi elitası, o cümlədən kral ailəsi arasında əlaqələr yaranıb. Bu səbəbdən də Britaniya uzun zaman Bakıya qarşı “güzəştli” davranıb, münasibətləri isti saxlamağa çalışıb.

Günü bu gün də Britaniya şirkətləri Azərbaycana ən çox investisiya yatırır. Məsələn, bu günlərdə açıqlanan rəsmi məlumata görə, 2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 874,5 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 337 milyon manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.

Maraqlıdır ki, Azərbaycana ən çox pul yatıran ölkə məhz Britaniya olub. Belə ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat sərmayə yatırıb.

Ancaq göründüyü kimi, artıq iqtisadi əməkdaşlıq iki ölkə arasında münasibətləri qoruyub saxlamaq üçün yetmir. London Bakını siyasi məhbuslar, media azadlığı mövzusuna görə tənqid edir, Bakı isə sərt qarşılıq verir.

Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı deyir ki, ingilislərin Azərbaycana marağının tarixi kökü var. Bu səbəbdən də müstəqillikdən sonra Azərbaycana neft üçün ilk gələn onlar oldu. O ki qaldı indi Londondan gələn tənqidlərə, B.Balçıya görə, Qərb paytaxtlarında Azərbaycanda baş verənlərə qarşı laqeyd qalmır: “Britaniya Azərbaycanda hər zaman aktiv olub. Səbəbi də tarixdən gəlir. İngilislər Bakıda neft olduğunu çox tez görmüşdülər, ona görə də müstəqillikdən sonra ilk olaraq bp Azərbaycana gəldi. Bu gün münasibətlərdəki soyuqluğa gəlincə, bunun tam olaraq insan haqları problemi ilə əlaqələndirmək çətindir. Ortada başqa səbəblər də ola bilər. Lakin o da aydındır ki, Azərbaycanda insan haqlarının durumu Avropada ciddi tənqidlərə səbəb olur. Görünür ki, artıq britaniyalılar da sakit dayana bilmir”.

Bəs Bakının köhnə “dostuna” qarşı bu qədər qəzəbli olmasının səbəbi nədir? B.Balçı deyir ki, hazırda Avropanın durumu elədir ki, Azərbaycan hakimiyyəti onu tənqid edə bilir: “Bakı indi Qərbdən qorxmur. Çünki bilir ki, artıq qərblilər başqa yerdə inqilab istəmirlər. Avropa bilir ki, inqilab özü ilə xaos gətirir, radikalizmi gətirir və onlar da arxasınca böyük bir qaçqın ordusunu Avropaya yönləndirir. Bu gün Avropada miqrant mövzusu əsas müzakirə olunan məsələdir. Xalq qaçqınlara yardım etmək istəyir, hakimiyyətlər isə qorxur. Yəni artıq Qərb hakimiyyətləri müsəlman ölkələrində inqilab, xaos istəmirlər. Çünki bilirlər ki, müsəlman ölkələrində inqilab özü ilə xaos gətirir. Bunu Azərbaycan hakimiyyəti də bilir, ona görə də qərblilərə çəkinmədən cavab verir, ”yum ağzını" deyə bilir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.