Şəki seçki dairəsində lətifə kimi olay
18-09-2015, 10:20
Müsavat Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə deputatlığa namizədi İkram İsrafilin “Azadlıq-2015" seçki blokunun təsisçilərindən biri, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun xeyrinə öz namizədliyini geri götürməsinin qarşılığı olaraq ”Azadlıq 2015" bloku, blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyası addım atıb.
Belə ki, partiya sabiq deputatın bu jestinə qarşılıq verilməsini məqbul sayıb. VİP Siyasi Şurası partiyanın və eyni zamanda “Azadlıq-2015" seçki blokunun 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə namizədi Salamzadə Mahir Ziyəddin oğlunun namizədliyinin geri çəkib.
Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil “Yeni Müsavat”a açıqlamasında bu addımı müsbət qarşıladığını bildirib: “Bu xəbəri mediadan oxudum. Mən həmin bloka, xüsusilə Vətəndaş və İnkişaf Partiyasına bu addımına görə təşəkkür edirəm. Seçkilərdə əməkdaşlıq, bir-birinə güzəştli mövqedən çıxış etmək müsbət tendensiyadır”.
Hazırda Şəkidə olduğunu və Dairə Seçki Komissiyasına sənədlərini təqdim etdiyini deyən İkram İsrafil bildirdi ki, imza vərəqələrinin verilməsini gözləyir.
İ.İsrafil 115 saylı dairədən YAP-ın namizədinin kimliyi ilə bağlı qəribə halın müşahidə edildiyini də bildirdi: “Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında 115 saylı dairədən öncə Əhmədli Orxan Nofəl oğlu namizəd irəli sürülmüşdü. Bir qədər sonra onun adı çıxarıldı və başqa bir adamın adı yazıldı. Aradan bir az keçdikdən sonra həmin şəxsin də adı siyahıdan çıxarıldı və Şəki Təhsil Şöbəsinin müdirinin adı YAP-ın namizədi kimi elan olundu. Mənim fikrimcə, hakim partiya əslində formal olaraq 115 saylı dairədən namizəd irəli sürüb. Belə demək mümkündürsə, siyahı xatirinə. Əslində böyük ehtimalla bitərəf adı ilə namizədliyi irəli sürüləcək şəxsin namizədliyini müdafiə ediləcək. Hakimiyyətin dəstəkləyəcəyi başqa bir namizədin olmaq ehtimalı var. Hazırda 115 saylı dairənin deputatı ”Avromed" şirkətinin rəhbəri Cavanşir Feyziyevdir. Açığı, mən maraqlanmamışam ki, o indi namizədliyini verib, ya verməyib. Hər bir halda maraqlı seçki olacağı düşüncəsindəyəm. Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərəcəyik. Seçki komissiyalarından və hər bir namizəddən də Seçki Məcəlləsinin tələblərinə əməl etmələrini tələb edəcəyik".
Sabiq deputat 115 saylı dairənin ona doğma ərazi olduğunu və məhz bu dairədən namizəd olmasının məntiqli olduğunu da vurğuladı: “Mən 115 saylı Şəki kənd ikinci seçki dairəsinin ərazisinə daxil olan Bideyiz kəndində doğulmuşam. Bu dairəyə daxil olan kəndlərdə kifayət qədər əlaqələr var. Qohumluq, dostluq, sinif yoldaşlıq, qonşuluq əlaqələri də ki, öz yerində. Mən 2005-2010-cu illərdə Sumqayıtdan millət vəkili olsam da Bideyiz kəndində insanların bir çox problemlərinin həllinə yardımçı olmuşam. Mən özümü həm də buranın deputatı olaraq görmüşəm. Baş nazirin müavinlərindən birinə şəxsi xahişimlə dövlət hesabına kənd ərazisində su artezan quyusunun qazılmasına, kəndin asfaltlanmasına, qazlaşdırılmasına, telefonlaşmasına nail olmuşam.
Bunu həm Bideyiz kəndi, həm də qonşu kəndlərin sakinləri yaxşı bilirlər, dəyərləndirirlər. Mən maraqlı bir hadisəni xatırlayıram ki, bu işlərin görülməsi üçün baş nazirin müavinlərindən birinin qəbulunda olanda o mənə dedi ki, qardaş, sən Sumqayıtın deputatısan, Şəki ilə nə əlaqən. Dedim, Şəkidə doğulmuşam, doğulduğum kənd üçün işlər görmək istəyirəm, filan işlərin dövlət proqramına salınmasını xahiş edirəm.
Baş nazirin müavini mənə qayıtdı ki, Şəkinin üç deputatı var, onları hələ əhalinin problemlərinin xahişi üçün gələn görməmişik, onların xahişləri ancaq özlərinin şəxsi işləri, biznesləri ilə bağlı olur. Baş nazirin müavini mənə əhalinin problemləri ilə bağlı məsələ qaldırdığıma görə təşəkkür etdi və qaldırdığım məsələ öz həllini tapdı. Mən indi də kəndlərdə insanlardan öz deputatlarının beş il ərzində üzünü görmədiklərini eşidirəm. İnsanlar deputatlarının bir dəfə də olsun kəndlərə gəlməməsindən narazıdırlar. Ümid edirik ki, seçicilərimiz hər kəsi doğru-düzgün qiymətləndirəcəklər”.