"Bu insanların nə günahı var?!" - İlham Əliyev
18-09-2015, 10:22
Məlumat verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.
teref.az Trend-ə istinadən xəbər verir ki, İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident onların qarşısında çıxış edib:
“Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq".
İlham Əliyev ölkənin neft siyasəti haqda danışıb:
“Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır.
Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.
Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.
İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.
Dövlət başçısı dünyada baş verən hadisələrə də münasibət bildirib:
“Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.
Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”.
İlham Əliyev Azərbaycanda insan hüquqlarının dövlət tərəfindən qorunduğunu bildirib:
“Mən dəfələrlə demişəm, bizim aramızda heç bir ayrı-seçkilik ola bilməz. Dinindən, millətindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq, hamımızın eyni, bərabər hüquqları var. Budur normal həyat tərzi. Əslində, bizim yaşadığımız bu mühit normal həyat tərzidir. Ancaq görün indi başqa yerlərdə nələr baş verir. Ona görə, mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.
Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə”.