İlham Əliyev: “Mən istəsəm əmr edərəm, bütün xarici borcumuzu bir günün içində ödəyərlər”
20-09-2015, 20:41
Prezident İlham Əliyev bu günlərdə Kürdəmir və Ağsu rayonlarına səfəri zamanı yerli ictimaiyyət nümayəndələri qarşısında etdiyi çıxışda ölkədə və dünyada gedən iqtisadi proseslər barədə danışarkən növbəti dəfə Azərbaycanın xarici borcu məsələsinə toxundu.
Prezident bəzi Avropa ölkələrinin Ümumi Daxili Məhsulun həcmindən dəfələrlə çox xarici borc öhdəliyinin olduğunu xatırladaraq bildirdi ki, hazırda qlobal miqyasda iqtisadi böhran əlamətlərinin müşahidə edildiyi bir vaxtda Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr arasındadır. Və istəsə xarici borcunu bir günə ödəyə biləcək qədər valyuta ehtiyatlarına malikdir.
“Mən istəsəm əmr edərəm, bütün xarici borcumuzu bir günün içində ödəyərlər”-prezident elə bu cür də dedi.
Ola bilsin ki, Kürdəmir və Ağsu ictimaiyyətinin nümayəndələri (belələri isə adətən qlobal iqtisadiyyat, makroiqtisadi göstəricilər və xarici borcun məbləğinin az, yaxud çox olmasının insanların güzəranına, gələcəyinə hansı təsirinin olduğu haqda dərin iqtisadi biliklərə malik olmayan yerli məmurlardan və ictimai fəallardan ibarət olur) prezidentin indiki iqtisadi çətinliklər dövründə xarici borcların az olmasını niyə xüsusi vurğulamasının fərqinə dərindən varmayıblar.
Lakin dünyada gedən iqtisadi prosesləri hərtəfəli analiz edənlər yaxşı dərk edir ki, indiki situasiyada Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün xarici borcun məbləğinin həm ÜDM-ə nisbətdə, həm adambaşına düşən borc nisbətində minimal olmasının hansı taktiki üstünlükləri var.
Son statistik rəqəmlərə görə Azərbaycanın indiyədək imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in cəmi 12,2 faizini təşkil edir, adambaşına düşən xarici dövlət borcu isə 686,5 dollardır.
Bu, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə nə dərəcədə böyük rəqəmdir? Yaxud Azərbaycanın daxil olduğu MDB məkanında xarici borclar üzrə göstəricilər necədir?
Xarici iqtisadi nəşrlərdən götürülən rəqəmlər göstərir ki, dünyanın inkişaf etmiş ölkələrinin az qala hamısı sanki borc hesabına yaşayır. Hazırda çox az ölkə nəzəri olaraq xarici borc öhdəliklərini bir gündə tamamilə bağlaya bilər. Əslində isə heç kim xarici borc öhdəliklərindən tamamilə azad olmaq istəmir və kifayət qədər pulu olan ölkələr də xarici kreditlərdən istifadə edir. Xarici borclanma müasir dünya iqtisadiyyatının ayrılmaz komponentidir.
Rəqəmlərə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, xarici borcun məbləğinin ölkələr üzrə az və ya çox olmasına həmin ölkənin iqtisadiyyatının nə dərəcədə inkişaf etməsi də təsir göstərir. Məsələn, zəif iqtisadiyyata malik olan, sənayeləşməmiş, kənd təsərrüfatı ölkələrinin xarici borclarının məbləği cüzi görünə bilər. Çünki bu ölkələrə borc vermək istəyən də çətin tapılır.
Digər tərəfdən belə ölkələrdə bank sistemi inkişaf etmədiyindən və ixrac qabiliyyətli məhsullar istehsal edən, səhmləri dünya birjalarında alınıb-satılan müəssisələr az olduğundan, (yaxud ümumiyyətlə olmadığından) özəl sektor inkişaf etmədiyindən borc almaq istəyən subyektlər də məhduddur.
Xarici borclanma üçün mühüm şərtlərdən biri də beynəlxalq reytinq agentliklərinin həmin ölkənin reytinqini investisiya səviyyəsində müəyyən etməsidir. Çünki defolt həddində olan ölkəyə borc vermək əlavə risklər deməkdir. Azərbaycanın isə ötən 10-12 ildə beynəlxalq kreditorlardan borc almaq problemi olmayıb.
Sürətli iqtisadi inkişaf, ÜDM-in həcminin dəfələrlə artması, neft gəlirləri sayəsində stabil valyuta daxilolmaları Azərbaycanı beynəlxalq maliyyə təsisatları və xarici banklar üçün cəlbedici ölkəyə çevirib. Yəni hökumət istəsəydi heç bir çətinlik çəkmədən ölkəyə milyardlarla dollar xarici kreditlər cəlb edə bilərdi.
Ancaq Azərbaycanda xarici borclanma məsələsində həmişə ehtiyatlı davranıblar. Hələ ötən əsrin 90-cı illərinin ortalarında ölkədə ağır iqtisadi böhranın hökm sürdüyü dövrdə Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından, digər beynəlxalq maliyyə təsisatlarından borc alarkən bu borcun ÜDM-dəki nisbəti nəzərə alınırdı .
Ölkənin pula kəskin ehtiyacının olmasına baxmayaraq kredit hesabına yaxşı yaşamaq, inkişaf etmək konsepsiyasını yaxına buraxmırdılar. Azərbaycanın o vaxtkı lideri Heydər Əliyev nəzərə alırdı ki, beynəlxalq maliyyə çevrələrinin kreditlərindən asılı duruma düşmək ölkənin gələcəyi üçün hansı siyasi-iqtisadi risklər yarada bilər.
Xarici borclanma məsələsində ehtiyatlı davranmaq siyasəti prezident İlham Əlievin hakimiyyəti dövründə də davam edib. Digər tərəfdən neft gəlirlərinin kəskin artması sayəsində Azərbaycan özü çox keçmədən borc alan ölkədən borc verən ölkəyə çevrildi. Nəticədə Azərbaycan nəinki bəzi ölkələr kimi beynəlxalq maliyyə təsisatlarından borc almaq üçün onların ağır şərtlərini yerinə yetirmək öhdəliklərindən azad oldu, eyni zamanda özü xarici siyasət və milli maraqlarından çıxış edərək tərəfdaşlarına qısamüddətli və uzunmüddətli kreditlər təklif etmək imkanları qazandı.
Məsələn, erməni lobbisinin səyləri sayəsində ABŞ Konqresi Exİm banka Bakı-Tiflis-Qars dəmir yol layihəsinin tikintisinə kredit ayırmağı qadağan edəndə Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana üst-üsə 1 milyard dollara yaxın güzəştli borc verdi. Nəticədə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu nəqliyyat dəhlizinə əsas maneə aradan qalxdı.
İndi isə dünyanın ən varlı və inkişaf etmiş ölkələrinin, habelə bəzi MDB ölkələrinin xarici borc göstəricilərinə nəzər salaq. Yəqin ki, dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsi deyəndə ağla dərhal ABŞ gəlir, elə deyilmi? Ancaq ABŞ nə qədər güclü, inkişaf etmiş iqtisadiyyata malik olsa da onun da xarici borcları var, özü də ÜDM-in düz 106 faizi həcmində.
Bu ilin iyun ayına olan rəqəmlərə görə ABŞ-ın xarici borcu 18 trilyon 540 milyard 449 milyon dollara yaxındır. Adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min 500 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Asiya nəhənginin-Çinin xarici borcları ÜDM-in heç 40 faizinə də çatmır.
Bəs digər inkişaf etmiş Qərb ölkəsinin-Böyük Britaniyanın xarici borclarının ÜDM-in həcmindən dörd dəfə çox olduğunu bilirdinizmi? Bu ölkənin xarici borclarının məbləği 9.6 trilyon dollara yaxındır, adambaşına düşən xarici borc məbləği isə 160 min dolları keçir.
Fransanın xarici borcu isə 5 trilyon 750 milyard dollardan çoxdur, adambaşı xarici borc məbləği 86 min dolları keçir. Ölkənin xarici borcları ÜDM-in 222 faizini təşkil edir.
Almaniyanın xarici borcunun məbləği 5.6 trilyon dollara yaxındır, bu ölkədə adambaşına düşən xarici borc məbləği 68 min dolları keçir. Xarici borcun ÜDM-ə nisbəti isə 142 faizdir.
Niderlandın xarici borcu 2.5 trilyon dollardan çoxdur (2014- cü ilin sonuna olan rəqəmlər) , bu ölkədə adambaşına düşən xarici borc 226 min dolları keçir və xarici borcların məbləği ÜDM-in 316 faizini təşkil edir. Yəni xarici borc illik ÜDM-in həcmindən 3 dəfə çoxdur.
Neft ölkəsi Norveçdə isə 737 milyard dollarlıq xarici borc var, bu ölkənin borcları ÜDM-in 14 faizini təşkil edir, adambaşına düşən xarici borc məbləği 131 min dollardan çoxdur.
Göstəricilərə nəzər salanda məlum olur ki, əksər inkişaf etmiş Qərb ölkələrinin xarici borcları astronomik məbləğlərdədir və ÜDM-in həcmindən çoxdur. Onlar sanki borc hesabına yaşayır və inkişaf edirlər. Doğrudur, bu ölkələrin ödəmə qabiliyyəti də yüksəkdir və onları Yunanıstan kimi defolt təhlükəsi gözləmir.
Ancaq inkişaf etmiş ölkələrin xarici borc göstəriciləri Qərb kapitalizminin hansı riskli mərhələyə gəlib çatdığını göstərir. Hazırda astronoik məbləğlərdə borclanma dünya iqtisadiyyatını təhdid edən əsas səbəblərdən biridir. 2008-ci ildə qlobal maliyyə böhranı da məhz bu borc piramidasının azacıq silkələnməsi nəticəsində baş vermişdi.
MDB ölkələri arasında isə ilk növbədə Azərbaycanla Qazaxıstanın göstəriciləri arasında müqayisə aparmaq olar. Çünki Azərbaycan kimi Qazaxıstan da neft ölkəsidir, üstəlik daha zəngin ehtiyatlara və daha yüksək hasilata, nəticədə daha çox neft gəlirlərinə malikdir.
Son rəqəmlərə görə Qazaxıstanın məcmu xarici borclarının məbləği 154 milyard dollardır, xarici borcun ÜDM-dəki payı 72 faizdir və adambaşına düşən xarici borc məbləği 4500 dollara yaxındır (özəl sektorun borcları nəzərə alınmadan). Proqnozlara görə Qazaxıstanın xarici borcları 2020-ci ilə qədər ÜDM-in 80-85 faizinə qədər artacaq. Dövlət borcunun ikiqat arta biləcəyi də istisna deyil. “Bank of America Merrill Lynch” tərəfindən bu ilin yayında açıqlanmış proqnozda deyilirdi ki, Qazaxıstanın xarici borclarının yüksək olması bu ölkəni defolta aparır.
MDB-nin digər neft ölkəsi Rusiyada isə xarici borcun məbləği 599 milyard dollardır. Xarici borcun ÜDM-ə nisbəti 33 faiz təşkil edir, adambaşına düşən xarici borcun məbləği 5 min dolları keçir. (həm dövlət sektorunun, həm özəl sektorun borcları nəzərə alınmaqla)
Qeyd etmək lazımdır ki, Rusiyanın xarici borclarının bu cür qismən aşağı olması prezident Vladimir Putinin hakimiyyətə gələndən sonra xarici borclanmanı məhdudlaşdırması və götürülmüş borcların qaytarılmasını sürətləndirməsi sayəsində mümkün olub. Çünki Rusiyanın superderjava statusunu qaytarmağı qarşıya məqsəd qoyan Putin nəzərə alırdı ki, xarici borclar Qərbin əlində çox təsirli siyasi təzyiq alətidir.
Qonşu Gürcüstanda isə məcmu xarici borcların məbləği 14 milyard dollara yaxın olmaqla ÜDM-in 82 faizini təşkil edir.
Belarusun məcmu xarici borclarının məbləği bu ilin iyul ayına olan rəqəmlərə görə 38 milyard dollara yaxındır, adambaşına düşən xarici borc məbləği 4 min dollardan çoxdur. Xarici borclar ÜDM-in 55 faizindən çoxunu təşkil edir.
Beləliklə, müqayisələr göstərir ki, Azərbaycan MDB respublikaları arasında da ən az xarici borcu olan ölkələrdən biridir. Üstəlik xarici borcun ÜDM-dəki payı cəmi 12 faiz təşkil edir ki, bu da hökumətə gəlirlərin azaldığı bir vaxtda xarici kreditlərdən istifadə etmək üçün yaxşı imkanlar açır.
Xarici borc göstəricilərində əsas amillərdən biri borcun ÜDM-dəki payıdır. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin qiymətləndirmələrinə görə, əgər xarici borcların ÜDM-dəki payı 30 faizə qədərdisə bu, aşağı risk dərəcəsi hesab edilir. ÜDM-in 40 faizi həcmində borc orta risk dərəcəsidir. Bundan yuxarısı isə yüksək risk dərəcəsi hesab edilir. Başqa sözlə, Azərbaycan xarici borclar baxımından heç aşağı risk dərəcəsinə də malik deyil.
Ancaq Azərbaycanın xarici borc göstəricilərinin indiki səviyyəsi necə gəldi borclanma üçün əsas deyil. Hökumət böhran dövründə xarici kreditlərdən istifadə edə, bu kreditləri yarımçıq qalmış infrastruktur layihələrinə, yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın diversifikasiyasına yönəldə bilər. Bir şərtlə ki, xarici kreditlərin xərclənməsində olduqca ciddi nəzarət mexanizmləri yaradılsın, bu kreditlər kilometri 25-30 milyon dollara başa gələn yollara xərclənməsin və korrupsiyanın güdazına getməsin. Əks halda ölkənin gələcəyini indidən boş yerə xərcləməyə, xarici borcları şişirtməyə dəyməz...
Virtualaz.org