Kreml niyə Tiflisi təhdid edir? – Səbəb
7-08-2018, 08:56
Rusiya baş nazirinin fikrilərini Tiflisə təzyiq kimi də qələmə vermək olar.
Bu sözləri Axar.az-a Rusiya Baş naziri Dmitri Medvedyevin Gürcüstanla bağlı açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə deyib.
“Bilirsiniz ki, hazırda Gürcüstan-Rusiya müharibəsinin 10 illiyidir. Düz, 10 il öncə Abxaziya və Cənubi Osetiya ayrıca dövlət kimi Rusiya tərəfindən tanınıb. Rusiyanın geriyə addım atmaq fikri yoxdur. Kreml indi hər vəchlə çalışır ki, 10 il bundan öncə atdığı addımın aktuallığını və bunun üçün real zəminin olduğunu ön plana çəksin. Rusiya bu cür çıxışlarla Gürcüstan tərəfinə bildirir ki, əgər Tiflisin Moskva ilə dialoqu davam etdirmək niyyəti varsa, onda müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlərdən də ən vacibi Gürcüstanın NATO-ya üzv olmamasıdır. Medvedyev çıxışında əsasən buna işarə edir və düşünürəm ki, Tiflisə açıq mesaj verir”, - ekspert bildirib.
Politoloqun sözlərinə görə, bunun nə dərəcədə təsirli olacağı xarici siyasətdə baş verən proseslərin Gürcüstanın daxilinə təsirindən daha çox Gürcüstanın daxili siyasətində baş verənlərdən asılı olacaq:
“Çünki Gürcüstan prezident seçkiləri ərəfəsindədir və burada mürəkkəb proseslər gedir. Medvedyevin bəyanatı da daha çox Gürcüstanda daxili proseslərdə iştirak edən qüvvələrə ünvanlanıb ki, onlar mövqelərində müəyyən götür-qoy etsinlər və bunu siyasi platformalarında ifadə etsinlər. Rusiya baş nazirinin sözügedən açıqlaması ələlxüsus da Moskva ilə dialoqda maraqlı olan qüvvələrə bir ismarışdır”.
Qeyd edək ki, Rusiya Baş naziri Dmitri Medvedyevin yaxın günlərdə “Kommersant” radiosunda yayımlanacaq müsahibəsinin fraqmentində Gürcüstanın NATO-ya üzvlüyünün katastrofik nəticələrə səbəb ola biləcəyini bildirib.