Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi

Bu gün, 15:06           
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani 12 günlük müharibədə ABŞ və İsrailin iranlıların təslim olmayacağını anladığını bildirib.

Laricani Tehran və Təl-Əviv arasında növbəti müharibənin olub-olmayacağı sualına cavabında bu məsələnin qismən İran, qismən də İsraildən asılı olduğunu söyləyib. İran rəsmisi həmçinin müharibənin hələ bitmədiyini vurğulayıb və ölkəsini hər vəziyyətə hazır olmağa çağırıb.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran və İsrail arasında müharibənin növbəti mərhələsinin baş verəcəyi barədə məlumatlar yayılmaqdadır:

“İsrail və ABŞ İrana hücumun davamını istisna etmir. Onların fikrincə, 12 günlük müharibə zamanı rəsmi Tehrana lazımi səviyyədə zərbə endirilməyib və müdafiə sistemi tamamilə sıradan çıxarılmayıb. İranda 400 kiloqramdan artıq, 60 faizə qədər zənginləşdirilmiş uran mövcud idi. Hazırda həmin uranın taleyi barədə dəqiq məlumat yoxdur. Bu səbəbdən də yeni hücum ehtimalı gündəmdədir.

Görünən odur ki, İsrail özü də İrana qarşı növbəti hücumda maraqlıdır. Çünki 12 günlük müharibədən sonra baş verən hadisələr Tehranın hələ də Təl-Əvivə qarşı hücumlar təşkil etmək və raket zərbələri endirmək imkanına malik olduğunu göstərdi. Hesab edilir ki, İranın nüvə obyektləri, raket və dron istehsalı tam şəkildə zərərsizləşdirilməyib. ABŞ və İsrail ciddi zərbələrin endirildiyini, lakin bunun kifayət etmədiyini deyir”.

Politoloq bildirib ki, hücumun olub-olmayacağı və ya nə vaxt baş tutacağı barədə dəqiq proqnoz vermək mümkün deyil:

“Çünki İrana qarşı hərbi əməliyyatın keçirilməsi ABŞ-dan asılıdır. İsrail bu addımı rəsmi Vaşinqtonla razılaşdırmalıdır. Əks halda, çox ciddi problemlərlə üzləşə bilər. Hətta vaxtı çatanda Ağ Evin bu məsələyə görə Təl-Əvivi cəzalandırması da mümkündür.

Hazırda ABŞ İrana hücumda maraqlı görünmür. Lakin Təl-Əviv bu məqsədi qarşısına qoyarsa, Vaşinqtonun da tam kənarda qalması mümkün deyil. Eyni zamanda İsrail bir qədər ləngiyə bilər. Çünki hazırkı əsas prioriteti Qəzza məsələsini həll etməkdir. Bu baş vermədən İrana hücum ehtimalı azdır. ABŞ-ın da İsrailin Qəzzadakı fəaliyyəti ilə bağlı müəyyən narazılıqları mövcuddur.

Tehran isə bütün bunları nəzərə alaraq öz müdafiə sistemini gücləndirir və bu istiqamətdə Çin və Rusiyadan yardım alır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru