ABŞ və İranı yalnız bu ölkə barışdıra bilər – Şərh

7-08-2018, 09:05           
ABŞ və İranı yalnız bu ölkə barışdıra bilər – Şərh
İran ABŞ-ın şərtlərini birmənalı olaraq rədd edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ və İran sanki bir-birini eşitmədən mübahisə aparırlar:

“Əsas problem ondan ibarətdir ki, İran danışıqları şərtsiz aparmağı tələb edir. ABŞ-ın isə şərtləri bəllidir. Birincisi, rəsmi Vaşinqton Tehrandan Yaxın Şərqdəki siyasətini, Suriyaya müdaxiləsini dayandırmağı və bölgə məsələlərində dözümlü olmağı tələb edir. Yəni ABŞ istəyir ki, İran öz milli sərhədlərinə qayıtsın, Livan, Suriya və Yəmənə nüfuz etməsin, həmçinin İran hökuməti daxildə demokratik proseslərə zamin dursun. Bu yanaşma ilə də rəsmi Tehran qəti şəkildə razılaşmır. İran onsuz da ABŞ-ın imperialist siyasətindən qurtulduğunu və buna görə heç bir dövlətin, o cümlədən ABŞ-ın qarşısında öhdəliyinin olmadığını bildirir. Odur ki, Pompeo da rəsmi Vaşinqtonun tələblərinin öz qüvvəsini saxladığını və ABŞ-ın əvvəlkitək İrandan yumşalma gözlədiyini bəyan edib. Ancaq rəsmi Tehran buna rəğmən öz duruşunu qoruyub saxlayır və xarici qüvvənin tələbi ilə islahatlara imza atmamaqda israrlıdır”.

Politoloq ABŞ və İran arasındakı bu çıxılmaz vəziyyətin hər hansı bir dövlətin vasitəçiliyi ilə çözülə biləcəyini düşünür:

“Çox güman ki, bu dövlət Oman hökuməti ola bilər. Çünki Omanın həm ABŞ-la, həm də İranla münasibətləri normaldır. Tərəflər arasında yumşalma olarsa, Oman bir vasitəçi kimi bu prosesdə ABŞ və İrana ortaq məxrəcə gəlməyə köməklik göstərə bilər. Bunu indiki vəziyyətdə istisna etmək olmaz. Ancaq hələ ki vəziyyət gərgin olaraq qalır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.