ATƏT-in Parlament Assambleyası Azərbaycana müşahidəçi göndərməyəcək
23-09-2015, 22:13
ATƏT-in Parlament Assambleyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina edib.
Qurumun rəsmi saytının məlumatına görə, ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva Parlament Assambleyası daimi komitəsinin ötən həftə Ulan-Batorda keçirilən iclasında bildirib ki, bu addım ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq atılıb.
“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımız olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinə məhdudiyyətlər qoyub. Nəticədə DTİHB Azərbaycana nəzərdə tutulan müşahidəçi missiyasını ləğv etməli olub. Hesab edirəm ki, bizim çox vacib və yaxın tərəfdaşımız olan DTİHB seçkiləri müşahidə edə bilmirsə, onda biz də bu seçkini müşahidə etməyəcəyik”, o qeyd edib.
Qeyd edək ki, ATƏT-in DTİHB Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində müşahidə aparmaq üçün 30 uzunmüddətli, 330 qısamüddətli müşahidəçi göndərəcəyini bəyan edib. Bununla Azərbaycan tərəfi razılaşmayıb və 125 müşahidəçi qəbul edə biləcəyini bəyan edib. Bundan sonra DTİHB ümumiyyətlə müşahidəçi göndərməyəcəyini bildirib.