Amerikalı diplomatlardan Azərbaycana qarşı sanksiya çağırışı

24-09-2015, 12:44           
Amerikalı diplomatlardan Azərbaycana qarşı sanksiya çağırışı
Avropanın siyasi mənzərəsinə dair materialları ilə tanınan “politico.eu” saytı Azərbaycanda insan haqlarının durumundan bəhs edən geniş məqalə yayımlayıb.

Virtualaz.org bildirir ki, “Azərbaycanla sərt danışmağın vaxtıdır” başlıqlı məqalədə Qərb dövlətlərinin hökumətləri bu ölkədəki repressiyalara göz yummamağa, Əliyev rejimilə sərt danışmağa çağırılır.

Məqalənin müəllifləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının direktoru olmuş Devid Kramerdir.

Məqalədə ABŞ Dövlət Departamenti zəif bəyanatlarına görə tənqid edilir: “Bütün baş verənləri ən güclü ifadələrlə pisləmək əvəzinə, ABŞ Bakıya üç təmsilçisini – xüsusi elçi Amos Hoçşteyn, dövlət katibinin köməkçisi Riçard Hoqland və müdafiə naziri köməkçisinin müavini Evelin Farkası göndərib. Səfər zamanı Bakıda enerji, Transxəzər və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir.

İnsan haqlarının durumunun günbəgün pisləşməsinə baxmayaraq, Farkas Azərbaycanı Birləşmiş Ştatların ”strateji tərəfdaşı” adlandırıb”.

Müəlliflərin fikrincə, sakit diplomatiyanın təsiri, ABŞ-ın insan haqları pozuntularından “dərin narahat” olduğunu göstərən bəyanatların faydası yoxdur: “ABŞ-ın yüksək rütbəli rəsmilərinin səfərləri Birləşmiş Ştatların rejimə dəstəyi kimi görünür...”.

Məqalədə daha sonra deyilir: “Bu çıxılmaz durumu qırmaq lazımdır. İnsan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır... Siyasi məhbuslar azad edilməlidir. ABŞ və Avropa Ittifaqı birlikdə sözdən hərəkətə keçməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.