İşdən qovulan diplomat od püskürdü: Bakıya qayıdacağam
25-09-2015, 22:33
Azərbaycanın Avstraliyadakı keçmiş diplomatı Anar Həsənov bəyanat yayıb. Diplomatın istiqlal.az-a bildirib ki, onun guya siyasi sığınacaq üçün yerli hökumətə müraciət etməsi barədə yayılan xəbərlər doğru deyil. Onun bəyənatını olduğu kimi təqdim edirik:
Təkzib etməyimə baxmayaraq bir sıra mətbuat orqanlarında Avstraliyada siyasi sığınacaq almağımla bağlı iddialar təkrar-təkrar dərc olunmaqdadır. Bir daha bildirirəm ki, hazırda Avstraliyada olmağımın səbəbi əvvəlcədən də məlumat verdiyim kimi sırf ailə (həyat yoldaşımın ana olmağa hazırlaşması) və maddi (yerli banklara kredit borclarımın olması) səbəblərlə bağlıdır. Ailə vəziyyətimi nəzərə alaraq Avstraliya hökuməti humanitar əsasda müvəqqəti bu ölkədə qalmağıma icazə vermişdir.
Bundan başqa Azərbaycanın Avstraliyadakı səfirliyindəki korrupsiya əməllərini faktlarla üzə çıxartmağım və bunun müqablində XİN rəhbərliyinin həmin faktlara məhəl qoymayaraq, hətta ailə vəziyyətimi nəzərə almadan mənə qarşı qanunsuz əməllərinin bəzən arxa plana atılaraq məsələ ətrafında spekulyasiyalar etmək, tam fərqli mövzularla əlaqələndirmək cəhdləri də müşahidə olunur. Əsas diqqət yetirilməli məsələlərdən biri XİN-in dövlətin mənafelərini xarici ölkədə müdafiə edən diplomatı uzaq ölkədə belə bir vəziyyətdə qoymasıdır.
Yenə də diqqətinizə çatdırıram ki, səfirlikdəki korrupsiya əməllərinin üstünün açılması tərərfimdən Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin çağırışına cavab olaraq edilmişdir. Onun bu məsələni araşdırıb lazımi qərar verəcəyinə inamımı da hər zaman ifadə etmişəm.
Eyni zamanda cənab prezidentin korrupsiya halları barədə ictimaiyyəti dövlət qurumlarını məlumatlandırmağa səsləyən çıxışına cavab olaraq bunu etməyimin müqabilində haqsızlığa məruz qalmağım və hüquqlarımın pozulmasına cavab olaraq 22 sentyabr 2015-ci il tarixində Yasamal məhkəməsinə elektron müraciət göndərmişəm. Ümid edirəm ki, məhkəmə şəxsən ərizə ilə müraciət etmək üçün texniki imkanlarımın olmamasını nəzərə alaraq müraciətimin elektron formada qəbuluna imkan yaradacaq.
Uyğun vaxtda vətənə qayıdıb Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində diplomatiya, dövlət və xalqın adına ləkə gətirən, cənab prezidentin özünə qarşı hörmətsizlik edən korrupsioner məmurlar tərəfindən pozulmuş hüquqlarımın bərpa olunmasına çalışmaq niyyətindəyəm.