Seçicilərdən Hacı Madərə məntiqi sual - 5 il idi harda idi?

26-09-2015, 12:52           
Seçicilərdən Hacı Madərə məntiqi sual - 5 il idi harda idi?
Son zamanlar biznesmen deputat Hacı Madər Musayevin adı ətrafında müxtəlif müzakirələr açılıb.

Onun 1 noyabrda formalaşacaq parlamentə buraxılmayacağı haqda da məlumatlar yayılıb.

Bildirilir ki, biznesmen-deputat da karyerasının üzərini "qara bulud”ların almasından xəbərdardır. Ona görə də bu il mandat almaq üçün müxtəlif varianlara əl atıb. Amma onun bu cəhdlərinin fayda verməyəcəyi qeyd olunur. Siyasətə biznesdən gəlmiş Madər Musayevin isə bundan itkisi yalnız deputatlıq toxunulmazlığının əldən çıxması ola bilər.

Onun Binaqədidə bir sıra biznes sahələrinə sahib olduğu söylənilir. Bu baxımdan böyük bir marketlər şəbəkəsinin məhz deputata bağlı olduğu da iddialar sırasında yer alıb. Məlumatlara görə, Madər Musayevə məxsus marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib. Onun nə qədər böyük imkanlara malik olduğunu çox adam bilir. Beş dəfə deputat seçilməsini də böyük imkanlara malik olması ilə əlaqələndirirlər. Deyilənə görə, özünü "Kurtlar Vadisi” serialındakı "Karahanlı”ya oxşadır.

Məlumatda o da göstərilir ki, M.Musayevin Binəqədi rayonunda - 9-cu mikrorayonda ikimərtəbəli bir ofisi də var. İki mərtəbə və zirzəmidən ibarət olan bu ofisdə olanlar onun "Kurtlar vadisi”nin məşhur baronu Mehmet Karahanlının dəbdəbəli ofisinə bənzədiyini deyirlər.

Həmçinin qeyd olunur ki, bu günlərdə Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından mətbuata şikayət ediblər. Belə ki, həmin ərazini Cavid Babayev adlı şəxs hasarlayıb və orada 2 fərdi yaşayış evi tikmək istəyir.

Məlumata görə, adıçəkilən ünvandakı hasarlanan ərazidə tikiləcək olan iki yaşayış binası deputat Hacı Madər Musayevin bacısı oğlu Emin adlı şəxslə bağlıdır. Amma bunu gizlətmək üçün sənədlər Cavid Babayev adlı şəxsin adına düzəldilib.

10 saylı Binaqədi dairəsinin sakinləri də artıq Madər Musayevin 20 illik deputat fəaliyyətindən beziblər. Bunu seçicilərin açıqlamalarından da görmək olar.

Afət Bağırova hazırkı deputatlarına inanmadığını dedi: "Madər Musayev eşitdiyimə görə bizim deputatdır. Amma bu illər ərzində onun bir deputat olaraq fəaliyyətini görmədim. Ona görə də ona inanmıram”.

Ağamir Bünyadlı da M. Musayevin deputat fəaliyyətindən narazıdır: "Bu şəxs deputat mandatından ancaq öz biznesini genişləndirmək üçün yararlanıb. Yəqin ki, bilirsiniz "dairəmizdə yerləşən "Favorit” marketlər mərkəzi ona məxsusdur. Halbuki deputat olması ilə bağlı olaraq biznesindən imtina etməli idi, amma görünür, etməyib. İndiyə kimi ona səs verməmişəm, yenə də versə səs verməyəcəm".

Qüdrət Süleymanov isə M. Musayevə növbəti dəfə namizəd olmamağı məsləhət gördü: "Əslində onun fəaliyyətilə o qədər də maraqlanmamışam. Amma aktiv deputat olsaydı, yəqin ki, seçici olaraq bizlər də onun mandate aldığı ərazidə gördüyü işləri görə bilərdik. Amma görməmişik, deməli, o da mandatdan ancaq öz şəxsi maraqları xatirinə istifadə edib. Bir də ki, 20 il ərzində deputat olan şəxsdən nə gözləmək olar ki? Yaxşısı budur bu dəfə namizədliyini verməsin”.

10 saylı Binaqədi 3-cü seçki dairəsinin deputatı Madər Musayev 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Eyni dairədən 5 dəfə təkrar seçilən yeganə deputatdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. (yenicag.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.