Üzünə tüpürülən general Bəxtiyar Vahabzadəni nədən güllələməyib? - Səbəb
29-09-2015, 11:57
Yazıçı-dramaturq Firuz Mustafa dünən facebook səhifəsində gündəliyindən bir parça paylaşmışdı.
Avropa.info-nun məlumatına görə, orada yazılmışdı ki, 20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi.
Firuz Mustafa yazır ki, bəzi jurnalistlər bir az səhvə yol verirlər: "Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir". Hər şey doğrudur. Mən bu informasiyanı səhifəmdən götürüb yayan Axar.az, Avropa.info və digər saytlara təşəkkür edirəm.
İndi isə onu açıqlamaq istəyirəm ki, general Ovçinnikov nə üçün Bəxtiyar Vahabzadəyə heç nə demədi, onu güllələmədi?
Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı "özünün" Az.Tv-dəki "kabinetinə" yığdı. O, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: "Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, "aksakkaldır", hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. (General bunu da əlavə etməyi unutmadı: "Yəqin ki, bilirsiz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani..."