Mətbuat Şurasının üzvü YAP-ın namizədini "vurdu": "Onu bu dairədə heç kim tanımır"
2-10-2015, 21:27
“Mən bununla dördüncü dəfədir ki, parlament seçkilərində iştirak edirəm. Bu seçkilərin üçünü udsam da, mandat sahibi olmamışam. Beyləqan camaatı mənim qalib gəlmək şanslarımı daha yaxşı bilir”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının üzvü, “Paralel” qəzetinin baş redaktoru, 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizəd Tapdıq Abbas deyib.
O, bildirib ki, bu vaxta kimi Beyləqanı təmsil edən deputatlardan heç biri vətəndaşların problemlərini Milli Məclisdə dilə gətirməyib. Tapdıq Abbasın sözlərinə görə, Beyləqan əhalisi onu müdafiə edir.
Baş redaktor hakim Yeni Azərbaycan Partiyasının (YAP) eyni dairədən namizədi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovu özünə ciddi rəqib görmədiyini də bildirib:
“Mənim YAP-a böyük hörmətim var. Ancaq rayonda tanınmayan, Beyləqana bağlılığı olmayan birinin buradan namizədliyinin verilməsi nə dərəcədə doğrudur, bunu deyə bilmərəm. Ancaq Beyləqan sakinlərində belə bir rəy var ki, camaat Şahin İsmayılovu tanısa da, tanımasa da, o, deputat seçiləcək. Beyləqanlılar deyir ki, necə ola bilər ki, 100 min insanın tanımadığı adam deputat olsun?! Deməli, seçkilərin nəticələrini saxtalaşdırmaqla YAP-ın namizədi deputat seçilə bilər. Bununla belə, mən seçkilərin demokratik keçirilməsinə ümidliyəm. Çünki hakim partiyanın yüksək səviyyəli nümayəndələri də bəyan ediblər ki, seçkilər azad, ədalətli, şəffaf olacaq. Mən də buna inanıb namizədliyimi irəli sürmüşəm”.
Qeyd edək ki, Tapdıq Abbas Müsavatın üzvü olarkən 2010-cu mərhum eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi partiya daxilində birmənalı qarşılanmamışdı. Böyük söz-söhbətlərdən sonra o, 2010-cu ildə Milli Məclisə seçkilər zamanı Müsavatdan getdiyini bəyan edib.
T.Abbas hazırda Azad Demokratlar Partiyasında Məclis sədri olsa da, öz təşəbbüsü ilə, bitərəf qaydada deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb.