Pənah Hüseynin müavininin namizədliyi qeydə alınmayıb
5-10-2015, 20:51
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, 79 saylı İmişli Seçki Dairəsindən “Azadlıq-2015” tərəfindən namizədliyi irəli sürülmüş Mirismayıl Hadi namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması ilə bağlı şikayətini geri götürdüyünü bildirib. Bununla əlaqədar məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
MSK üzvü Qabil Orucov isə bildirib ki, 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Xalq Partiyası sədrinin müavini Qiyas Sadıqov müvafiq DSK tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK İşçi Qrupunun apardığı araşdırma zamanı imza təqdim etmiş şəxslərin sonradan müraciət etdikləri və aldadılaraq imzalarından imtina etdikləri üzə çıxıb. MSK üzvü Akif Qurbanov isə imzaların geri götürülməsi prosesinin DSK-lar tərəfindən təşkil olunduğunu iddia edib.
İclasda iştirak edən Q. Sadıqovun səlahiyyətli nümayəndəsi, AXP sədri Pənah Hüseyn DSK-nın təqdim edilən imzalardan 197 imzanı etibarsız saydığını nəzərə çatdırıb. P. Hüseyn MSK tərəfindən DSK-nın qərarının ləğv edilməsini istəyib.
Məsələ səsverməyə çıxarılıb və Q. Sadıqovun şikayəti əsassız sayılıb.
MSK 118 saylı Ağdam şəhər Seçki Dairəsindən öz təşəbbüsü iilə namizədliyini irəli sürmüş, müvafiq DSK tərəfindən namizədliyi qeydə alınmamış Musa Ağayevin şikayətini əsaslı sayıb və onun namizədliyi qeydə alınıb.