Sabirabad şefinin ağılasığmaz maxinasiyası - belə də olurmuş
10-04-2015, 17:14

Sabirabadın şefi Nazim İsmayılov “VVS tikinti təchizatı” MMC firması açıb.
Tia.az-a daxil olan xəbərə görə, icra başçısı rayon üçün ayrılan vəsaitləri tender yolu ilə bu MMC-yə həvalə edir.
“VVS Tikinti Təhcizat” MMC yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olur. Mənbə iddia edir ki, bu MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur.
Məlumata əsasən təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb.
Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur.
Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən haldır. Xatırladaq ki, Hesablama Palatası rayonların büdcəsi üzrə büdcə vəsaitlərinin xərclənməsinə dair audit tədbirləri həyata keçirir.