Sökülən təkcə evlər deyil-güvən də dağılıb -AÇIQLAMA
Bu gün, 08:28

Bakıda söküntü sürətlənir, kompensasiya narazılığı isə səngimir
Ekspert: “Qiymətləndirmə zamanı əmlak bazarındakı mövcud qiymətlər, mənzillərin hazırkı satış qiymətləri nəzərə alınmalıdır”
Paytaxtda söküntü davam edir. Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı təyin ediləndə dedi “sökəcəm”, elə o vaxtdan da Bakı sökülə-sökülə gedir. Söküntü işləri “20-ci sahə” adlanan ərazidə, Çernyaxovski küçəsində də aparılır. Verilən məlumata görə, sakinlərin bir qismi köçürülüb artıq. Amma ödənilən kompensasiyadan yenə də narazılıqlar var. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib. Sakinlərin köçürülməsi təmin edilib. Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, öncə verilən məlumatda bildirlirdi ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparırlar. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb. Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq. İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.
Olsun, paytaxtımız gözəlləşsin, tarixi əhəmiyyət daşımayan yararsız binalar, evlər sökülsün, şəhər yenilənsin, amma vətəndaşlar niyə narazı qalır, onları razı salmaq yəni həqiqətən bu qədər çətin və mümkünsüzdür?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımı olduğu üçün evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır:

-Paytaxtda söküntü işləri 2 formada aparılır. Bir, dövlət tərəfindən, bir də özəl şirkətlər tərəfindən. Torpaqların dövlət ehtiyacları üçün satın alınması zamanı hər hansı yaşayış binasının, qeyri-yaşayış obyektinin sökülməsi, sakinlərin köçürülməsi zərurəti yarandıqda qiymətləndirmə qanuna müvafiq şəkildə aparılır və sakinlərə kompensasiya ödənilir. Dövlət satınalmaları haqqında qanuna görə qiymətləndirmə bazar qiymətləri il aparılır. Sakinlərə təyin olunan kompensasiyaya üstəlik 20 faiz də əlavə kompensasiya ödənilir. Bu, şəhərin mərkəzi hissəsində mənzil sahibi olmuş sakinin yenə də mərkəzi hissədə mənzil ala bilməsi üçün edilir. Çalışırlar, elə məbləğ olsun ki mərkəzdə mənzil almağa yetsin. Qanunda da belədir. Amma söküntü işləri özəl tikinti şirkətləri tərəfindən aparıldıqda sakinlərə yeni tikiləcək binalarda mənzillər təklif edilir,bundan əlavə 2-3 il müddətinə - tikinti işləri nə qədər davam edəcəksə, həmin müddət ərzində sakinlərə həm kirayə haqqı ödənilir, həm də əşyaların daşınma xərcləri. Ümumiyyətlə, Bakının təsdqilənmiş Baş Planına uyğun olaraq 2040-cı ilədək köhnə binalar sökülməli, yeni, müasir yaşayış binaları inşa olunmalıdır. Amma əlbəttə ki sakinlərin mülkiyyət hüquqları qorunmaq şərtilə. Əmlak bazarında bəllidir ki son dövrlərdə ciddi qiymət artımı var. Ona görə də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənəcək. Məbləğ Bakının bütün əraziləri üzrə eyni ola bilməz. Bu da “Dövlət ehtiyacları üçün torpaqların geri alınması haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun tənzimlənir. Burada, ümumi dəyərin bəzən 20, bəzən 10 faizi hesablanır. Yenə də qeyd edim ki, qiymət ərazilər üçün eyni deyil. Dəyərləndirmə ərazi üzrə, yaşayış yerinin ümumi vəziyyəti, mənzilin ölçüləri və sair meyarlara uyğun müəyyən edilir. Qiymətləndirmə zamanı əmlak bazarındakı mövcud qiymətlər, mənzillərin hazırkı satış qiymətləri nəzərə alınmalıdır.