Rus səfirin gecikən qorxusu, yaxud 5 ildir “unudulan cəbhə”...

Bu gün, 08:44           
 Rus səfirin gecikən qorxusu, yaxud 5 ildir “unudulan cəbhə”...
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bugünlərdə Ermənistanla bağlı gözləntilərini dilə gətirib. Səfir qeyd edib ki, “ümid edirik ki, erməni tərəfdaşlar Qərbdəki "rusiyafob" dairələrin onların ölkəsindən Rusiyaya qarşı regionda "ikinci cəbhə" açmaq üçün istifadə etməsinə yol verməyəcək”.

Göründüyü kimi, rus səfir Rusiyanın Ukraynada genişmiqyaslı müharibə aparıdğı bir zamanda Qərbin Ermənistanın əli ilə Cənubi Qafqzda Rusiyaya qarşı siyasi-diplomatik müstəvidə ikinci bir cəbhə aça biləcəyindən ehtiyat edir.

Əslində səfir Sergey Kopırkinin bu açıqlaması sadəcə onun deyil, təmsil etdiyi dövlətin qorxusunu ifadə edir. Lakin yaxın tarixi keçmişin və bugünkü reallıqların təhlili göstərir ki, rus səfirin qorxusu mahiyyət etibarilə “gecikən qorxudur”. Çünki Ermənistan düz 5 il bundan öncə, demək olar ki, 44 günlük Vətən müharibəsinin gedişatında Rusiyaya cəbhə açıb. Müharibə zamanı üzləşdiyi bütün məğlubiyyətlərə görə Kremli ittiham edən rəsmi İrəvan, həm müharibə, həm də post-müharibə dönəmində Rusiyanın müttəfiqi Ermənistana yardım etməməsi səbəbi ilə məğlub olduğunu bəyan edib. Qeyd edək ki, bu düşüncə Ermənistanda günümüzdə də öz aktuallığını qorumaqdadır.

Yəni Ermənistan Rusiyaya qarşı cəbhəni Ukrayna müharibəsindən 2 il öncə açıb və bu cəbhə düz 5 ildir ki, mütəmadi şəkildə Rusiyanın mövqelərini hədəf almaqdadır. Rusiyanın Ermənistana tarixi təsirinin minimuma endirilməsi, İrəvanın Fransa, ABŞ və digər Qərb ölkələrinin diktəsi ilə hərəkət etməsi və Avropa İttifaqının keçmiş hərbçilərdən ibarət müşahidə missiyasının, habelə avropalı hərbi təlimatçıların Ermənistandakı mövcudluğu bu cəbhənin effektiv fəalliyətinə sübutdur.

Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini faktiki olaraq donduran və Rusiyanın silah bazarından üz döndərən Ermənistanın sözün bütün mənalarında Qərbə üz tutması, Kremlin bu cəbhədə uduzduğundan xəbər verir. Bu isə o deməkdir ki, səfir Sergey Koprkinin qorxusu çoxdan reallaşıb və bu reallıq Rusiyanın özündən başqa bütün dünyada aydın dərk edilməkdədir.

Bir sözlə, daha Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmağından qorxmaq üçün heç bir əsas yoxdur. Necə ki, ölən birini ölümlə qorxutmaq mənasızdır. Rusiyanın 5 ildir ki, onu hədəf alan böyük bir cəbhəni görməzdən gəlməsinə, “unutmasına” gəlincə, buna ancaq heyrətlənmək mümkündür.

Seymur ƏLİYEV
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.