Babalarımız alman faşizmini, gənclərimiz isə erməni faşizmini məhv ediblər

Dünən, 11:16           
Babalarımız alman faşizmini,  gənclərimiz isə erməni faşizmini məhv ediblər
Artıq 80 ildir ki, 9 May - faşizm üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Bu Qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından, qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə vuruşaraq həm də doğma Azərbaycan torpaqlarını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 həmyerlimizin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə Qələbə ilə bitə bilməzdi.
Faşizm üzərində Qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürdük. Xüsusilə torpaqlarımızın işğal altında olduğu vaxtda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləyirdi. Bu mənada xalqımızın İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərslərindən biridir. Bu müharibədə azərbaycanlıların qəhrəmanlığı sonrakı nəsillərin üzərinə erməni faşizminə qarşı mübarizə aparmaq və onun başını əzmək kimi missiya qoydu. Məhz bugünkü nəslin nümayəndələri 2020-ci ildə Hitler faşizminə böyük məhəbbət bəsləyən Ermənistanı məğlubiyyətə uğradaraq 30 illik işğala son qoydu, möhtəşəm Qələbə qazandılar. Babalarımız alman faşizmini, gənclərimiz isə erməni faşizmini məhv etdilər.
Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan xalqının İkinci Dünya müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən, xüsusilə mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə müsbətə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti də birdəfəlik aradan qaldırıldı. Ulu Öndər faşizm üzərindəki Qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu bildirərək demişdir: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”.
Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ümummilli Lider hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirir və qeyd edirdi ki, bütün Azərbaycan xalqı bilməlidir, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır.


Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.