“Azərsun”un sədrindən duru yağlar barədə inanılmaz iddia
17-03-2019, 00:09

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl ticarət şəbəkələrində holdinqin istehsalı olan qarğıdalı yağlarının Rusiya və Türkiyədən idxal olunan qarğıdalı yağlarından baha satılmasına münasibət bildirib.
Abdolbari Gözəl “Marja”nın sualına cavab olaraq bildirib ki, “Azərsun”un yağları təmiz olduqları üçün bahadır. Marketlərdə satılan idxal qarğıdalı yağlarının bir çoxu qarışıq yağlardır:
“Düzdür, bazarda Türkiyə və Rusiyadan idxal olunan qarğıdalı yağları “Azərsun Holdinq”in istehsalı olan qarğıdalı yağlarından ucuz satılır. Bunun səbəbi ucuz satılan idxal yağların qarışıq yağlar olmasıdır. O yağların çoxu təqliddirlər (orijnalın oxşarı). Nə Türkiyənin qarğıdalı yağı var, nə Rusiyanın. İdxal qarğıdalı yağlarının tərkibinin 80%-i günəbaxan yağı, 20%-i qarğıdalı yağıdır. Siz həmin yağları marketdən alıb istədiyiniz laboratoriyada, o cümlədən bizim laboratoriyada analiz etdirə bilərsiniz. Əlimizdə sənədlər var. Biz bu barədə Qida Təhükəsizliyi Agentliyinə müaciət etmişik”.
“Marja” marketlərdə apardığı araşdırma zamanı müəyyən etmişdi ki, xarici qağıdalı yağları yerli qarğıdalı yağlarından 10%-ədək aşağı qiymətlərə satılır. Bu barədə 18 Feval 2019-cu il tarixində “Marja”ya yayılmış xəbərdən bir hissəni təqdim edirik:
“Spar” supermarketində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3,85 manata, “Zolotnitsa” qarğıdalı yağı isə 3.75 manata satılır. “Veysəloğlu” və “Araz Supermarketi”in sifarişi ilə Rusiyada və Türkiyədə istehsal edilmiş qarğıdalı yağları daha ucuzdur. 1 litirlik “Zateya” 3,49 manata, “Zarya” 3,49 manata, “Avedov” 3.57 manata, “Qidam” da 3.57 manata alıcılara təklif olunur. Azərbaycanın “Delta Qrup” şirkətinin istehsalı olan 1 litrlik “Asnaf” qarğıdalı yağı isə 4.97 manatadır.
“Bazarstore” şəbəkəsində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3.85 manata, “Zolotnitsa” qarğıdalı yağı 3.75 manata, “Zolotoe Solnışko” 3.65 manata, “Delta Qrup”un istehsalı olan “Asnaf” qarğıdalı yağı isə 5.59 manata satılır. “Bazarstore” şəbəkəsində duru yağlar bölməsində “Veysəloğlu” və “Araz Supermarket” şirkətlərinin xaricdən idxal etdiyi yağlara rast gəlmədik.