“Bu sərəncamı korrupsiyanın inkişafına töhfə kimi qiymətləndirirəm” - Reportaj
20-08-2020, 15:07

Prezident son 15 gün ərzində Bakı şəhərində yolların təmirinə vəsaitin ayrılması ilə bağlı 2 sərəncam imzalayıb.
Avqustun 5-də imzalanmış sərəncama əsasən Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2,65 milyon (iki milyon altı yüz əlli min) manat investisiya ayrılıb. Sərəncamın icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) tapşırılıb.
Prezidentin avqustun 17-də verdiyi oxşar sərəncamla isə Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat ayrılır. Yenə də sərəncamın icraçısı AAYDA-dır.
13 adda küçədə təmir-tikinti işləri aparılıb

AAYDA-nın rəsmi saytında Nərimanov rayonu ərazisində görülən işlər barədə məlumat verilməsə də, Yasamal rayonunda görülən işlərlə bağlı yazılıb.
Bildirilir ki, 2019-cu ildə Yasamal rayonu üzrə ümumi uzunluğu 7.6 km olan 13 adda küçə və yolda təmir-tikinti işləri aparılıb. Cari ildə də bu istiqamətdə genişmiqyaslı işlər davam etdirilir: "Proqrama uyğun olaraq rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasama yaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin böyük bir hissəsi yerinə yetirilib.
Belə ki, təmir-tikinti işləri 1.6 km uzunluğa malik Ümid Əkbərov, ümumi uzunluqları 800 metr olan Fəridə və Pərviz Abbasovlar və Qədirli küçələrində aparılaraq yekunlaşdırılıb, həmçinin Yeni Yasamal yaşayış massivinə 700 metr uzunluğunda yeni bağlantı yolu inşa edilib”.
Daha sonra qeyd olunur ki, hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri ümumi uzunluğu 2700 metr olan Şamil Əzizbəyov və Lev Tolstoy küçələrində davam etdirilir. Artıq bu küçələrin bir hissəsində işlər yekunlaşdırılıb.
Rəsmi məlumatda vurğulanır ki, sözügedən yol və küçələrdə müasir yol infrastrukturunun yaradılması əhalinin ürəyincə olub. Çünki uzun müddət ərzində təmirsiz küçələrdə gediş-gəlişlə bağlı problemdən əziyyət çəkiblər.
Alatava yollarına da növbə çatacaqmı?

Rəsmi məlumatda konkret olaraq hansı əraziyə nə qədər pul xərcləndiyi, ara yolların da təmir olunub-olunmadığı, keçirilən tenderlərdə hansı şirkətlərin qalib gəldiyi haqda heç bir məlumat yoxdur. Toplum TV-nin bununla bağlı quruma ünvanladığı informasiya sorğusuna da cavab verilməyib. Bu səbəbdən Toplum TV əməkdaşları Yasamal rayonunun ərazisində yerləşən Alatava 2-də olub, yollarla maraqlanıblar.
Məhəllələrarası yolların kələ-kötürlüyü təmir olunmadığından xəbər verir.
Sakinlərin sözlərinə görə Yasamal rayonu ərazisində aparılan yol təmiri işləri hələ onlar tərəfə gəlib çatmayıb. Ərazidə fəaliyyət göstərən sahibkarlar deyib ki, illərdir yollar yenilənmir.
"Amma obyektlərimizin yerləşdiyi ərazidən yolların keçdiyini və bu yolların tamamilə söküləcəyini deyirlər”, - adını açıqlamayan sahibkarlardan biri deyib.
"Sərəncam korrupsiyanın inkişafına töhfədir”
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun fikrincə, investisiya xərclərinin bölgüsündə problemlər var: "Neçə illərdir bu bölgülər nəticəsində böyük məbləğdə pullar getsə də, ortada uzunmüddətli qalacaq bir işlər görmürük. "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü” barədə məlumatlı olmalıyıq. Təəssüf ki, sərəncamda qeyd olunan sənəd heç yerdə dərc olunmadığından investisiya xərclərinin bölgüsünün nə dərəcə düzgün aparılmasını müəyyənləşdirmək mümkün deyil.
Sərəncamda investisiya xərclərinin yönələcəyi obyekt ümumi göstərilib. Yasamal rayonu ərazisində yüzlərlə kilomet yol var, onlar əhəmiyyətinə görə də fərqlənirlər. Odur ki, yaxşı olardı, sərəncamda dövlət büdcə vəsaitinin istifadə olunacağı yol və ya yollar yerləşdiyi küçənin adları, yolun uzunluğu və eyni zamanda bu işin icra müddəti də qeyd olunsun. Ona həm ictimai və həm də maliyyə nəzarəti həyata keçirilsin”.
İqtisadçı prosesin şəffaf olmadığını və yeyinti hallarının olacağını da ehtimal edir: "Bu sərəncamın icra edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında ondan irəli gələn tədbirlərlə bağlı əlavə məlumatlar yerləşdirilməyib. Odur ki, biz bilmirik "Dövlət satınalmaları haqqında" Qanuna necə əməl olunacaq, tender keçiriləcəkmi və bu tenderdə hansı şirkətlər iştirak edir və bu işi hansı şirkət icra edəcək. Şirkət barədə məlumat da gizli saxlanılır. Şəffaflıq və vacib informasiyalara çıxış təmin edilmədiyinə görə də mən bu sərəncamı korrupsiyanın inkişafına töhfə kimi qiymətləndirirəm”.
"Bir çox rayon və kənddə təmirə ehtiyacı olan yollar var”
Yolun daimi istifadəçisi və Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov isə deyir ki, yalnız Yasamal rayonunun deyil, digər rayonların da yollarının yenidənqurulmasına ehtiyac var: "Yasamalda xidmət göstərən avtomobil yollarının keyfiyyətinə nəzarət edən müvafiq qurumlar var. Bu qurumlar təbii ki, zaman-zaman hakimiyyət qarşısında çıxışlar edirlər. Yolların yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürürlər. Bu yollarla bağlı problem çox zaman təkliflərdə öz əksini tapıb. Konkret olaraq bir vətəndaş kimi bilmirik söhbət hansı yollardan gedir. Təəssüf ki, tək Yasamal rayonunda deyil, bir çox rayon və kənddə təmirə ehtiyacı olan yollar var. Bu sərəncam bilavasitə Yasamal rayonu yolları ilə bağlıdır. Son illər beynəlxalq təşkilatların hazırladıqları xəbərlərdə yolların keyfiyyətinə görə Azərbaycan yüksək balla qiymətləndirilir. Yasamal yollarının keyfiyyətinin yüksək olması həm də mənim maraqlarıma cavab verən bir hadisədir”.
Məhəllədaxili yolların bu təmir-tikinti işindən kənarda qalmasına gəlincə, ekspert hesab edir ki, bu, qurumlar arasındakı əlaqə ilə bağlıdır: "Bəzi yollar var ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsusdur, bəzi yollar isə bələdiyyələrə. Ara yollar çox zaman bələdiyyənin tabeliyində olur. Buna görə də ayrı-ayrı qurumlar ortalığa birlikdə iş çıxarmalıdırlar. Bir qurumun maddi vəsaiti azdırsa, digər qurum bu prosesi öz üzərinə götürməlidir. Bu kimi vahid proses yaradılmalıdır”.
Nuranə Atakişiyeva
Nərmin Məcidli
Məzahir Abdurahmanov


