Mənzillərin qiyməti 50-60 faiz ucuzlaşıb, amma...
8-02-2016, 20:39
Ölkədə mövcud olan iqtisadi şərait fonunda daşınmaz əmlak bazarında qiymətlər gündən-günə aşağı düşür. Bakıda yerləşən 10-dan çox alqı-satqı obyektinin hamısında eyni şəraitin şahidi olduq- maklerlər bir-biri ilə ya söhbət edirlər, ya da müxtəlif stolüstü oyunlar oynayırlar. Alıcılara isə rast gəlinmir. Hətta metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən və “Maklerlər bağı” kimi tanınan ərazidə də əvvəlki aylarla müqayisədə xeyli sakitçilikdir. Mənzil təklif edənlərin sayı çox olsa da, tələb edənlər yoxdur. Bazarda artıq təklif tələbi üstələyib. Bu isə birbaşa olaraq qiymətlərin enməsinə səbəb olub.
“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən alqı-satqı obyektlərində də eyni mənzərənin şahidi olduq. Bu işlə məşğul olanlar bildirdilər ki, bazarda tam durğunluqdur. Onların sözlərinə görə, ötən il ayda bir neçə mənzil satırdılarsa, indi beş-altı ayda heç bir mənzil alan yoxdur. Bu hal kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Kirayə mənzillərin də qiyməti aşağı düşüb. Maklerlər bildirirlər ki, əvvəllər birotaqlı mənzillər 250-300 manata kirayə verilirdisə, indi bu rəqəm 200 manata qədər aşağı düşüb. Eyni zamanda bir zamanlar 90 min manata satılan mənzillərin də qiyməti ucuzlaşaraq, 60-65 min manat dəyərinə enib.
Bütün bunlara baxmayaraq, insanlar mənzil almağa maraq göstərmirlər. Alqı-satqı obyektlərində çalışanlar bildirirlər ki, ara-sıra ev üçün müraciət edənlərin əksəriyyəti gənclərdir. Onlar da ipoteka krediti ilə ev almaq istəyirlər. Lakin mövcud şərtlər ağır olduğu üçün gənclər bu istəklərindən çox zaman vaz keçməli olurlar.
Daşınmaz əmlak bazarında uzun müddətdir çalışan Şahin Novruzov mövcud durumu musavat.com-a aşağıdakı kimi izah etdi:
“Hesab edirəm ki, bu durğunluğu aradan qaldırmaq üçün ipoteka kreditlərinin həcmini artırmaq, faizini isə azaltmaq lazımdır. Eyni zamanda “İpoteka haqqında” qanuna da əlavə və dəyişikliklər olmalıdır. Dövlət işində çalışmayanların da bu kreditlərdən yararlanmaları üçün şərait yaradılmalıdır. Mənə çox adam müraciət edir. Onların daimi gəlirləri olur. Ancaq dövlət işində çalışmadıqları üçün ipoteka ilə mənzil ala bilmirlər. Eyni zamanda gənc ailələr əsasən yeni tikililərə meylli olduqları üçün hesab edirəm ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna da dəyişiklik edilməlidir. Bu, həm yeni tikililərin satışı zamanı əmlak vergisindən yayınmanın, həm də əmlakın bir neçə nəfərə satışının qarşısını alar. Eyni zamanda ipoteka kreditləri üçün predmet ola bilər. İpoteka krediti rəsmiləşən zaman notarial qaydada girov müqaviləsi bağlanır. Yeni tikilinin də mülkiyyət hüququnu təsdiqləyən sənədi olmadığı üçün ipoteka predmeti olmur”.
Ş. Novruzov onu da bildirdi ki, əvvəllər müştərilərinin əksər hissəsi Rusiyada çalışanlar idi. Lakin bu gün onlar da yoxdur:
“Hazırda bazarda vəziyyət çox acınacaqlıdır. Əvvəllər Rusiyada çalışanlar Bakıdan ev alırdılarsa, bu gün onların da vəziyyəti ağırdır. Hazırda mənzillərin qiyməti 50-60 faiz ucuzlaşıb. Ancaq alıcı yoxdur. Kirayə mənzillərə isə daha çox tikinti sahəsində çalışanlar və işləmək üçün Bakıya gələn xaricilər maraq göstərirdilər . Misal üçün, şəxsən mən, bir neçə türkiyəli iş adamına kirayə üçün mənzil tapmışam. Ancaq bu gün onlar da Bakını tərk edib, evlərdən çıxırlar. Rayonlardan gələnlər isə hələ birinci devalvasiyadan sonra geri qayıtmağa başlayıblar. Nəticə olaraq kirayə mənzillərin də qiyməti 50-60 manat ucuzlaşıb. Ancaq bu faktor belə, tələbin artmasına təsir etməyib”.